AAYDA sürücülərə xəbərdarlıq etdi: Bu yollarda diqqətli olsunlar - VİDEO

AAYDA sürücülərə xəbərdarlıq etdi: Bu yollarda diqqətli olsunlar - VİDEO

Bakıdan bölgələrə uzanan magistral yollarda gecə saatlarında hərəkət sürücülər üçün ciddi təhlükəyə çevrilir. Xüsusilə Qax, Qəbələ və İsmayıllı istiqamətlərində yolun bir çox hissəsində işıqlandırmanın olmaması, yol nişanlarının və xətlənmənin çatışmazlığı qəza riskini artırır. Hətta xətlənmiş yol hissələrində belə işıqlandırmanın olmaması sürücülərin yolu görməsini çətinləşdirir. Sürücülər bu vəziyyətdən narazılıq edərək, gecə vaxtı hərəkətin təhlükəli olduğunu bildirirlər.

Poblemlə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu ünvanlanıb.

AAYDA-nın İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Anar Nəcəfli sorğumuza cavab olaraq bildirib ki, sözügedən avtomobil yolunda süni işıqlandırmanın təşkili yolun bütün uzunluğu boyunca fasiləsiz şəkildə deyil, qüvvədə olan normativ tələblər və yol hərəkəti təhlükəsizliyi prinsipləri nəzərə alınmaqla müəyyən hissələr üzrə həyata keçirilir: “Avtomobil yollarının işıqlandırılması zamanı yaşayış məntəqələrindən keçən və ya onlara yaxın olan hissələrə, eləcə də əlavə təhlükəsizlik tədbirlərinin tələb olunduğu ərazilərə üstünlük verilir. Bu baxımdan avtomobil yolunun da yaşayış məntəqələrindən keçən və yol hərəkəti təhlükəsizliyi baxımından zəruri hesab edilən ayrı-ayrı hissələrində işıqlandırma sistemi mövcuddur. Bununla yanaşı, Şamaxı–İsmayıllı–Qəbələ istiqamətində yeni avtomobil yolunun tikintisi davam etdirilir. Tikinti işləri tam yekunlaşmadığından yolun bəzi hissələrində üfüqi nişanlanma xətləri hələ çəkilməyib. Həmin ərazilərdə yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə müvəqqəti yol nişanları quraşdırılıb. Sürücülərdən sözügedən hissələrdə diqqətli olmaları, sürət həddinə və müvəqqəti yol nişanlarının tələblərinə ciddi riayət etmələri xahiş olunur. Tikinti işləri tam başa çatdırıldıqdan sonra yolun müvafiq hissələrində üfüqi nişanlanma xətlərinin çəkilməsi və daimi yol nişanlarının quraşdırılması təmin ediləcək”.

Mənbə: pravda.az