Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin ilk iclası keçirilib. Tədbiri giriş sözü ilə açan MŞ sədri Vüqar Zifəroğlu gündəlikdəki məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.
Müzakirələrdən sonra İH üzvlərindən Müşfiq Ələsgərli və Elmira Musazadə MŞ sədrinin müavinləri seçiliblər.
Gündəlikdəki ikinci məsələ - MŞ-nin komissiyalarının formalaşdırılması xüsusunda bildirilib ki, Şuranın başlıca missiyası media ilə bağlı şikayətlərin araşdırılmasıdır. Qurumun nizamnaməsinə görə, MŞ sədrinin müavinləri növbəlilik əsasında – 2 il müddətinə Şikayətlər üzrə komissiyaya rəhbərlik edirlər.
Birinci müddətə rəhbərlik sədr müavini M.Ələsgərliyə həvalə olunub.
İH-nin iclasında Şura sədri V.Zifəroğlunun təqdimatı əsasında MŞ-nin icraçı katibi də təsdiqlənib. Bu vəzifəyə Əvəz Rüstəmovun namizədliyi məqbul qiymətləndirilib.
MŞ İdarə Heyətinin üzvü Əminə Yusifqızı Şuranın Ahıl Jurnalistlər Məclisinin sədri seçilib.
Mənbə: musavat.com