Bakı. Trend:
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib.
İdarənin müraciətində həftəsonları avtomobil yollarında nəqliyyat vasitələrinin sayının artmasının qəza riskini yüksəltdiyi bildirilib.
Qeyd olunub ki, mövsümə xas qeyri-sabit hava şəraiti bu riski daha da artırır. Bəzən sürücülərin səfər öncəsi zəruri təhlükəsizlik qaydalarına əməl etməməsi və hərəkət zamanı məsuliyyətsiz davranması ağır nəticəli yol-nəqliyyat hadisələrinə səbəb olur.
BDYPİ sürücülərə nasaz avtomobillərlə yola çıxmamağı, yol və hava şəraitini nəzərə almağı, yorğun və yuxusuz halda sükan arxasına əyləşməməyi tövsiyə edib.
Həmçinin sürət həddinə, ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etməyin vacibliyi vurğulanıb.
İdarə bütün hərəkət iştirakçılarını yol hərəkəti qaydalarına əməl etməyə çağıraraq, sürücülərə təhlükəsiz səfər arzulayıb.
Mənbə: az.trend.az