Şəhid anası: Niyaməddin Vətəni məndən də çox istəyirmiş

Şəhid anası: Niyaməddin Vətəni məndən də çox istəyirmiş

Bakı, 25 yanvar, AZƏRTAC

Müharibənin başlanmasına elə sevinirdi ki. Son dəfə evdən çıxanda mənimlə görüşmədi. Dedi gedib torpaqlarımızı alıb qayıdacağıq. Deyirdi hər oğula qismət deyil döyüşmək, şəhid olmaq. O, dünyanın ən xoşbəxt insanıdır ki, torpaq uğrunda şəhid oldu. Qardaşına dedi ki, sən getmə, sənin ailən, övladın var, mən subayam, qoy mən gedim. Sənin də yerinə mən döyüşəcəyəm.

AZƏRTAC xəbər verir ki, bunu Vətən müharibəsi şəhidi Niyaməddin Məhərrəmovun anası Elmira Məhərrəmova deyib.

Şəhidin anası oğlu haqqında sözlərinə belə davam edib: “Niyaməddin elə bir oğul idi ki, uşaqla uşaq, böyüklə böyük kimi davranırdı. Uşaqlar onu görəndə deyirdilər ki, fotoqraf Niyaməddin gəldi. O, evdən çıxanda elə bilirdik ki, ev köçüb, heç kim yoxdur. Evə gələndə isə dünya bizimdir sanırdıq. Mən onunla nəfəs alırdım. Hər sözünü, sirrini mənimlə bölüşürdü. Elə bilirdim ki, o, mənim hər şeyimdir.

Bilirəm ki, bütün şəhidlər eynidir. Şəhid anaları ilə görüşüb söhbət etmişəm. Şəhidlərin hamısı analarına eyni sözləri deyiblər, eləcə də mənim oğlum. Elə bilirdim Niyaməddin məni çox istəyir. Sən demə Vətəni məndən də çox istəyirmiş...”.

Şəhidin qardaşı Zaur Məhərrəmov da qardaşı haqqında xatirələrini bölüşüb. O, deyib ki, Niyaməddin həm qardaş, həm dost kimi mehriban, istiqanlı, hamıya qarşı hörmətlə yanaşan, paylaşmağı sevən biri olub: “Hər şeydə özünü qabağa atır, hər bir faydalı işdə pay sahibi olmağa çalışırdı. Vətən müharibəsində də tərəddüd etmədən könüllü cəbhə xəttinə yollandı. Sentyabrın 27-də Niyaməddin Murovdağ istiqamətində döyüşlərə qoşuldu. Döyüş yoldaşlarının dediyinə görə, onlara əmr verilib ki, siz istirahət edin arxadakılar irəliləsin. Çox keçmədən onların yanına raket atıblar. Qəsəbəmizdən olan Etibarla bir yerdə idi. O, baş nahiyəsindən, qardaşım isə qarın nahiyəsindən qəlpə yarası alıb. Niyaməddinin nəşini sentyabrın 30-da gətirdilər. Onu canından çox sevdiyi Vətən torpağına tapşırdıq. Uşaqlıqdan onu hər şeydən qorudum, amma bu dəfə qoruya bilmədim...”.

“YAŞAT” Fondu Şəmkir rayonunun Kür qəsəbəsində yaşayan Vətən müharibəsi şəhidinin ailə üzvlərinə məişət şəraitinin yaxşılaşdırılması istiqamətində dəstək göstərib. Qardaşı fonda və ianə edən vətəndaşlara minnətdarlığını bildirib: “YAŞAT Fonduna və dəstəyini əsirgəməyən vətəndaşlara təşəkkür edirəm ki, qazilərin sağalması üçün kömək göstərirlər. Şəhid ailələrinə yanaşma, münasibət də gözəldir. Maddi-mənəvi dəstək olurlar. Var olsun Ali Baş Komandan, Prezident İlham Əliyev. Var olsun Birinci xanım Mehriban Əliyeva. Vağ olsun xalqımız”.

Mənbə: azertag.az