Ucqar kəndə 15 ildir atla dərs keçməyə gedən müəllim – REPORTAJ/FOTO

Ucqar kəndə 15 ildir atla dərs keçməyə gedən müəllim –

Elm öyrənmək və öyrətmək dünyanın ən müqəddəs və şərəfli peşəsi sayılır. Elə gənclərin sağlamlığının keşiyində dayanmaq, onların fiziki hazırlığını artırmaq, vətənpərvərlik ruhunda tərbiyəsi də günümüzün ən vacib elementlərindən biridir.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, haqqında bəhs edəcəyimiz müəllim Çin qədər uzaq olmasa da ucqar dağ kəndinə bütün çətinliklərə baxmayaraq sevimli şagirdlərinə təhsil verməyə gedir.

Peşə sevgisi onu illərdir ki, bu zəhmətə qatlaşmağa sövq edir.


Zaqatala rayonunda dağlıq kəndə dərs deməyə gedən müəllim hər dəfə qar-qış, soyuq-isti, yağış demədən at belində məktəbə gedib-gəlir.

Rauf Ramazanov fiziki tərbiyə müəllimidir. 35 yaşlı müəllim Sabunçu kənd ümumorta məktəbində fəaliyyət göstərir. Dağ kəndi olan Sabunçu, rayon mərkəzindən 20 kilometr uzaqlıqda yerləşir.Kəndə gedən yolun 3 km-lik hissəsi asfalt, 4 kilometr hissəsi isə çay yatağından keçir. Bu yolu əsasən iritutumlu yük maşınları və ya atla getmək mümkündür. O da çayda su çox olduğu zaman mümkünsüz olur. Lakin o, bu yolu illərdir ki, at belində qət edir.


Selə, yağmura, soyuğa düşsə belə müəllimlik borcunu şərəflə yerinə yetirir. Müəllim 15 il ərzində 5 dəfə at dəyişib. Hazırkı nəqliyyat vasitəsi onunla on ildir yol yoldaşlığı edən 5-ci atıdır. Rauf müəllim söyləyir ki, atla hərəkət etmək insan üçün əsl sağlamlıqdır. Hər gün ümumilikdə atla 14 km məsafəni gedən müəllim gediş və gəliş üçün hər biri 40 dəqiqə olmaqla 1 saat 20 dəqiqə vaxt sərf edir.


1947-ci ildən fəaliyyət göstərən Sabunçu ümumorta məktəb 2012-ci ildən yeni inşa edilmiş binaya köçürülüb. 80 şagird yerlik məktəbdə təhsil üçün hər cür şərait olsa da cəmi 8 şagird təhsil alır.Şagirdlər müəllimləri kimi at sürməyi bacarmasalar da dərslərə davamiyyətləri qaydasında, nəticələri yaxşıdır. Əlbəttə fiziki tərbiyə dərsi isə daha canlı və maraqlı keçir.


Şagirdlər Rauf müəllimlə təkcə idman etmir həm də ondan vətənpərvərlik tərbiyəsi də alır. Bunun nəticəsidir ki, Rauf müəllim həm də şagirdləri üçün bir fədakarlıq nümunəsidir.


Qeyd edək ki, Sabunçu ümumorta məktəbinin 10 nəfərlik müəllim heyətindən 8-i qonşu kəndlərdən, Zaqatala və Balakən rayondan gəlirlər. Məktəbdə təhsil alan 8 şagirddən 9-cu sinifdə 1 nəfər, 8-ci sinifdə 2 nəfər, 6-cı sinifdə 2 nəfər və ibtidai siniflərdə 3 nəfər oxuyur. Məktəbin 9 illik məzunlarından əksəriyyəti tam orta məktəblərdə və kolleclərdə təhsillərini davam etdirirlər.







Tural Rasim oğlu

Mənbə: bizim.media