VƏTƏNİN CƏFASINI ÇƏKƏ BİLMİRSƏNSƏ, SƏFASINI NİYƏ ÇƏKMƏLİSƏN? – CAVİD İSMAYIL YAZIR

VƏTƏNİN CƏFASINI ÇƏKƏ BİLMİRSƏNSƏ, SƏFASINI NİYƏ ÇƏKMƏLİSƏN? – CAVİD İSMAYIL YAZIR

Hərdən əlimdə olan arxivi vərəqləyir, müəyyən materialları gözdən keçirirəm.

Bu günlərdə elə həmin arxivimdə maraqlı məsələyə rast gəldim. Bir vaxtlar diqqətimdən qaçan bu mövzuya toxunmaq istəyirəm.

Bu təşkilat son illər daim gündəmdə olub, məlum pandemiya dönəmində isə yenə də aktuallaşıb. Söhbət "AZAL"-dan, yəni "Azərbaycan Hava Yolları"ndan gedir... Yeri gəlmişkən "AZAL" ingilis dilində "Azerbaijan Airlines"-in abreviaturasıdır, Azərbaycan dilində, doğma dilimizdə və dövlət dilimizdə "AHY" kimi yazılmalıdır.

Gələk mətləbə. İlk olaraq qeyd edim ki, "AHY" QSC tam olaraq dövlət konserni olduğu üçün dövlət tərəfindən böyük subsidiyalar alır. Elə bu barədə cənab prezident İlham Əliyevdən bir sitatı xatırlatmaq istəyirəm; "Bütün təyyarələr dövlət büdcəsinin vəsaiti hesabına alınır, bütün aeroportlar dövlət hesabına tikilir, bütün şərait dövlət hesabına yaradılır...".

Təbii ki, Azərbaycanımızın iqtisadi cəhətdən inkişafı bizləri və vətənimizi özlərinə dost və qardaş hesab edənləri çox sevindirir. Dünya dövlətləri içində günü-gündən nüfuzunu artıran dövlətimizin hər uğuru bizi sevindirməyə bilməz. "AHY" tarixinə qısa nəzər salsaq, Azərbaycanda sərnişin daşımalarının həyata keçirilməsi üçün aerovağzal binası ilk dəfə 1933-cü ildə yaradılmışdır. Bakı aeroportunun ərazisində ilk ikimərtəbəli aerovağzal binası 1965-ci ildə tikilib istismara verilmişdir. Daha sonra keçmiş SSRİ məkanında o dövrün çox müasir

yeni aerovağzal kompleksinin layihəsi hazırlandı. 1980-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə tikintisi başlandı. Lakin o vaxtkı rəhbərlərin etinasız yanaşması nəticəsində yarımçıq qaldı. Aerovağzal kompleksinin beynəlxalq standartlar səviyyəsində yenidən qurulması və istismara verilməsi məhz ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə döndükdən sonra - 1999-cu ildə baş tutdu.

2004-cü ildə beynəlxalq standartlara cavab verən Naxçıvan Beynəlxalq Hava Limanı işə düşdü. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində 2006-2008-ci illərdə bir-birinin ardınca Gəncə, Zaqatala və Lənkəranda hava limanları istismara verildi. Qəbələ və Yevlaxda anoloji komplekslər inşa olundu. Bütün bunlar dövlətin daima bu sahəni diqqətdə saxladığının əsas göstəricisidir.

2011-ci il martın 17-də Prezident İlham Əliyevin iştirakı ilə təməli qoyulan və müasir standartlara cavab verən, gözəlliyi ilə göz oxşayan Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksinin qısa bir müddətdə istismara verilməsi əlamətdar hadisə idi. Yeni müasir "Boeing", "Airbus", "Embraer" kimi laynerlərin alınması AHY- nı nəinki regionda, eyni zamanda MDB məkanında liderlərdən birinə çevirdi.

Hava nəqliyyatının inkişafına dövlətin böyük investisiyalar qoyması bu sahənin Azərbaycanda prioritet məsələlərdən biri olduğunu bir daha sübut edir.

2018-ci il mayın 7-də Bakı - Heydər Əliyev Beynəlxalq Aeroportu hava limanlarının auditi sahəsində ən nüfuzlu "Skytrax World Airport Awards"-un maksimal "5 Ulduz" statusuna layiq görülməsi məni qürurlandırdı. Qeyd edim ki, bütün dünya üzrə bu yüksək statusa cəmi 8 aeroport layiq görülmüşdü. Vətənini sevən bir insan üçün bundan fəxarətli nə ola bilərdi.

Bəli "AHY"-nın tarixi inkişafı və bugünkü nailiyyətləri birbaşa dövlət tərəfindən göstərilən qayğının nəticəsində əldə edilib.

"AHY" böyük strateji əhəmiyyətli sahə olduğu kimi çox böyük daxili təsərrüfat-infrakstruktura malikdir. Bu böyük təsərrüfatın daxilində nizam-intizamı, normal fəaliyyətin tənzimlənməsi məsuliyyəti isə birbaşa "AHY" rəhbərliyinin səlahiyyətindədir.

Mən bu yazımda "AHY"-nın bu qədər nailiyyəti qarşısında Naxçıvan Beynəlxalq Hava Limanında yaradılan nizam-intizamın örnək götürülərək Bakıda yaradılmamasından yazmayacağam. Məsələn Naxçıvan aerovağzalında insanlar aerovağzalın binasını tam sərbəst maneəsiz tərk edir. Xüsusi ayrılmış sahədə taksi sürücüləri xüsusi geyim formasında tam səliqəli-səhmanlı şəkildə heç kəsə müdaxilə etmədən öz müştərilərini gözləyir. Bakı aerovağzalında bu xidmət mədəniyyəti hələ də yaradılmayıb. Ondan da yazmayacağam ki, Bakı aerovağzalından tanınmış taksi şirkətinin taksometrləri şəhər istiqamətində gediş haqqını normadan artıq yazır, təyyarələrdə normalda xüsusi salafan qablaşmada olması tələb edilsə də, birdəfəlik istifadə üçün nəzərdə tutulan qaşıq-stəkan açıq paylanılır. Bir sıra stuardessa və aerokassalarda işləyənlər dövlət dilini bilmir və ya dövlət dilində danışmaq istəmir. Ondan da yazmayacağam ki, hər bir vasitədən istifadə edərək Vətən tarixini, Qarabağ savaşını və s. məsələləri Azərbaycana gələn qonaqlara elə təyyarələrdəcə qısa da olsa, reklam çarxları ilə vermək olar, amma verilmir, dövlət səviyyəsində nağdsız qaydada alış-verişə önəm verildiyi halda təyyarələrdə alış-veriş yalnız nağd qaydada aparılır. Belələiklə, posterminalsız əməliyyat aparan müasir hava alverçilərindən, göydəki qiymətlə yerdəki qiymətin sözün əsl mənasında yerlə-göy qədər fərqindən, dünyaya neft satdığımız halda bizdən alınan yanacaqla təyyarələri uçan dövlətlərdən daha bahalı olan bilet qiymətlərindən, həmyerlilərimizin Azərbaycandan uzun yol qət etməklə dünyaya Gürcüstan üzərindən uçmasından, pandemiya dönəmi sərnişin daşımada da fəaliyyətini hissə-hissə bərpa edən "AHY"-nın katastrofik qiymət artımından da danışmayacağam. Mən sizə düz 18 il bundan əvvəl Rusiyanın paytaxtı Moskva şəhərində baş vermiş bir faciədəki epizodu danışacağam, daha doğrusu xatırladacam.

xxx

Xatirinizdədirsə 2002-ci ildə Rusyanın paytaxtında Dubrovkada Moskva Teatr Mərkəzində 23-26 oktyabr tarixlərində təqribən 916 (rəqəmlər 800-dən yuxarı göstərilməklə müxtəlif mənbələrdə fərqlilik var) nəfərin girov götürüldüyü və 130 (qeyri-rəsmi 174) nəfərin ölümü ilə nəticələnən, tarixə "Dubrovka" və ya "Nord-Ost" faciəsi kimi düşən qanlı terror aktı baş vermişdi.

Bildiyimiz kimi, SSRİ dağıldıqdan sonra Rusiya müstəqilliyini elan etmiş Çeçenistanı darmadağın etmiş və insanların iradəsinin ziddinə gedərək qanlı faciələr törətmişdi. Azadlığını sonuna qədər müdafiə etməkdə olan çeçenlərə qarşı müsəlləh Rusiya qoşunu sözün əsl mənasında müharibə aparırdı. 90-cı illərdə Çeçen Respublikası bir cəhənnəmi xatırladırdı. İnsanlar isə məhv edilir-öldürülürdü. Ailəsini, yaxınlarını, doğmalarını itirmiş və Vətəni odlar içində qalmış çeçenlər Çeçenistanda gedən qanlı müharibənin qarşısını almaq məqsədilə təbii ki, mənim də doğru saymadığım bu addımı ataraq düşünürlər ki, Moskva Çeçenistanda müharibəni dayandıracaq və qoşunlarını geri çəkəcək.

Doğrusu, bu qanlı faciənin ümumi detallarından da danışmaq fikrində deyiləm. O cümlədən çeçenlərin girov götürdüyü insanlardan sadəcə birinin anlaşılmazlıq nəticəsində qarnından yaralanmasından və ona təcili tibbi yardım göstərilməsi üçün elə ilk dəqiqədən yardım edib girovluqdan azad etmələrindən də danışmaq istəmirəm. Ondan da danışmaq istəmirəm ki, biri kişi və biri qadın olmaqla xüsusi xidmət orqanlarının içəri göndərdikləri ehtimal edilən xüsusi adamlar çeçenlər tərəfindən güllələnmişdi. Həlak olanların rəsmi olaraq bildirilən 130 nəfər girovun (174 qeyri-rəsmi) məhz Rusiyanın elit qoşun hissəsi sayılan "ALFAN"-nın keçirdiyi xüsusi əməliyyat zamanı istifadə etdiyi zəhərli qazdan zəhərlənərək ölmələrini də deməyəcəm. Zəhərlənən vətəndaşlara ilkin tibbi yardımın yerində göstərilməməsindən, çeçen şəhid qadının rus qadına "mənim körpə balam var, ərimi və qohumlarımı ruslar güllələyib, ona görə burdayam və sizi anlayıram" deməsindən də deyil, həmin hadisədə Azərbaycan vətəndaşlarından və onların taleyindən danışmaq istəyirəm.

Bəli, həmin gün o zalda 5 Azərbaycan vətəndaşının olması mediadan bizlərə məlum oldu. Yalnız girovluqda olan azərbaycanlılardan dördünün kimliyi məlumdur. Azərbaycan Hava Yollarının Rusiya Federasiyasında nümayəndəliyinin rəhbəri Eldar Hacyev, "AHY" prezidentinin həyat yoldaşı Zərifə Həmzəyeva, onun bacısı Nəzahət Qasımova və həmin kompaniyanın əməkdaşı Sevil Əliyeva. Elə "AHY"-nın rəhbəri Cahangir Əsgərovun o vaxt mətbuata verdiyi açıqlamadan görünür ki, Səid adlı terrorçü zaldan Eldar Hacyevin telefonu ilə əlaqə saxlayır. Və Cahangir müəliim Bakıdan Moskvaya yola düşür.

Bəli, bir Azərbaycan vətəndaşı kimi Cahangir müəllim o cəhənnəmdən, terrorçuların əlindən Azərbaycan vətəndaşlarını çıxarmağı bacarır. Bir azərbaycanlı kişisinin öz xanımı və baldızını, digər bir xanımı və bir rəhbərin öz işçilərini o cəhənnəmdən çıxarmağı təqdirəlayiqdir. Lakin məsələ bundadır ki, niyə 4 nəfəri xilas edən "AHY"-nın rəhbəri Cahangir Əsgərov zalda olan digər Aazərbaycanlını, özü də Rusiya mediasından qadın olduğu qeyd edilən o vətəndaşımızı xilas etmir, orda, o zalda çarəsiz qoyur? Niyə?

Bilmirəm, görəsən o şəxsiyyəti mənə məlum olmayan o xanım onunla bərabər girovluqda digər azərbaycanlıların olmasını bilirdimi? Onlarla təmas qura bilmişdirmi? Mənim üçün çox maraqlıdır, o xanım Azərbaycandan öz vətəndaşlarının imdadına yetmək üçün dövlət adamının ora gəlməsindən xəbərdar oldumu? O cəhənnəm yaşanan zaldan dörd azərbaycanlının buraxıldığını gördümü? Gördüsə, həmin an nələri hiss etdi? Həmin an "mən də azərbaycanlıyam, məni unutdunuz, məni də azad etdirin" hayqırdımı? Bilmirəm...

Elə həmin Rusiya mediasına istinadən qeyd edirəm ki, o zalda qalan Azərbaycan xanımı digər yaralılar kimi xəstəxanada yaşam savaşı verirmiş.

Mən həmin xanımı tapmaq, bu mövzu ətrafında onunla söhbət etmək, elə bu və digər sualları özünə ünvanlamağı çox istərdim.

Mən onu da bilmirəm ki, Cahangir Əsgərov o zalda başqa azərbaycanlıların, Azərbaycan vətəndaşlarının olmasını soruşubmu?

Hə bu arada, Cahangir Əsgərovun o vaxt verdiyi məlumatda bu cümlə də yer alırdı; "Mənə kimin ki arxasınca getmişdim, onları təhvil verəndə, terroçurlar bu günü unutma dedilər". Bilmirəm Cahangir müəllim o günü unudub ya yox, mən əminəm ki, o zalda 4 soydaşı xilas edilən özü zalda çarəsiz qalan soydaşımız olubsa, o xanım, o günü,o hadisəni çətin ki, unuda! Və bir ömür boyu da unutmayacaq!

Mənim isə bu məsələdə gəldiyim bir yekun fikir var, əgər tələb ediləndə Vətənin cəfasını çəkə bilmirsənsə, səfasını niyə çəkməlisən?

Mənbə: olaylar.az