Lənkəranın Velədi kəndində “Şəhidlər bulağı” istifadəyə verilib

Lənkəranın Velədi kəndində “Şəhidlər bulağı” istifadəyə verilib

Lənkəran, 20 avqust, Bağır Əliyev, AZƏRTAC

İşğal olunmuş Azərbaycan torpaqlarının azad olunması ilə nəticələnmiş 44 günlük Vətən müharibəsində lənkəranlı gənclər də mərdliklə vuruşaraq misilsiz rəşadət və qəhrəmanlıq göstəriblər. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən torpaqlarının azadlığı uğrunda ölüm-dirim savaşına qalxan bu gənclər Milli Ordumuzun tərkibində dəmir yumruqları ilə azğın düşmənin başını əzib, onun ordusunu darmadağın etdilər. Lənkəranlılar fəxr edirlər ki, 30 illik fasilədən sonra torpaqlarımızın erməni işğalından azad olunmasında onların övladları, qardaşları, ataları, doğmaları da iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün ölkəmizin bütün bölgələrində olduğu kimi, Lənkəranda da şəhidlərə, qazilərə böyük hörmət və ehtiram var. Həm Birinci Qarabağ, həm də Vətən müharibələrində qanları ilə Vətən tarixinə şanlı səhifələr yazmış şəhidlər heç vaxt unudulmur, həm dövlət, həm də xalq tərəfindən xatirələri əziz tutulur, adları əbədiləşdirilir.

Vətən müharibəsində Velədi kəndinin də şəhidləri olub. Onlar Hüseynov Vüsal Yəhya oğlu, Quliyev Samir Məhərrəm oğlu və Məmmədli Elməddin Anar oğludur. Könüllü olaraq cəbhəyə getmiş bu gənclər döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəliblər. Onların qəhrəmanlığı ilə qürur duyan kənd sakinləri xatirələrini əbədiləşdirmək üçün bir sıra təşəbbüslər irəli sürüblər. Məhz onların təşəbbüsü ilə kəndin asfaltlanmış küçələrinə şəhidlərin adları verilib, “Şəhidlər bulağı” inşa edilib.

Lənkəran rayonunun Velədi kəndində “Şəhidlər bulağı”nın açılışına həsr olunmuş tədbir keçirilib.

Xüsusi karantin rejimi qaydalarına əməl olunmaqla keçirilən tədbirdə rayon rəsmiləri, şəhid ailələrinin üzvləri, qazilər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edənlər 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən lənkəranlı döyüşçülərin qəhrəmanlıqlarından danışıblar.

Şəhid ailələrinin üzvləri onlara göstərilən yüksək ehtirama və dövlət tərəfindən əhatə olunduqları diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Mənbə: azertag.az