Azərbaycan təhsil və pedaqoji fikir tarixinin mahir tədqiqatçısı

Azərbaycan təhsil və pedaqoji fikir tarixinin mahir tədqiqatçısı

Aprel ayının 4-də Azərbaycan pedaqogikasının canlı əfsanəsi, son mogikanı, Əməkdar ali məktəb işçisi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, pedaqoji elmlər doktoru, professor, Rusiya Təhsil Akademiyasının əcnəbi üzvü Hüseyn Mustafa oğlu Əhmədovun 94 il döyünən ürəyi dayandı. Ustadımız haqq dünyasına qovuşdu.
Gəlimli, gedimli, son ucu ölümlü dünyada şərəfli və mənalı bir ömür yaşayan, ibtidai məktəb müəllimliyindən akademikliyədək yüksələn, qəlbinin odunu və hərarətini, ömrünün qaynar və coşğun illərini millətin gələcəyi olan gəncliyin təhsil-tərbiyəsinə həsr edən, orijinal proqram və dərsliklər hazırlayan, Azərbaycanda və xarici ölkələrdə nəşr edilən fundamental əsərlər yazan, pedaqoji və elm-pedaqoji kadr hazırlığında peşəkarlığı və fədakarlığı ilə seçilən, geniş elmi erudisiyası, sadəliyi, xeyirxahlığı və insanpərvərliyi ilə Hüseyn müəllim onu tanıyan insanların ürəyinə köçdü, xatirələrə çevrildi.
Göyçə gölü sahillərindən başlanan ömür yolu
Hüseyn Mustafa oğlu Əhmədov 17 iyul 1926-cı ildə Qərbi Azərbaycanın Krasnoselo rayonunun Toxluca kəndində anadan olmuşdur. Kənd Dədə Qorqud qəhrəmanlarının sahillərində at çapdığı, qılınc oynatdığı Göyçə gölünün sahilində yerləşirdi. Göyçənin lacivərd ətəkli səmaları, əsrarəngiz təbiəti, büllür bulaqları Hüseyn müəllimdən səxavətini əsirgəməmişdi. Kəndi üç tərəfdən əhatəyə alan uca dağların vüqarı, barlı-bəhrəli təbiətin səxavəti, insanların dəyanəti və saflığı Hüseyn müəllimin ruhuna hopmuşdu. Mayası halallıqla yoğrulan bir ailədə boy atan balaca Hüseyn bir müddət ailəsi ilə birlikdə İrəvan yaxınlığındakı Kənəkir rayonunun Göykilsə kəndində yaşayır (1936-1940), orada 7-ci sinfi, Kənkan kəndində 8-ci sinfi bitirir. Atası bəşəriyyətə fəlakət gətirən sovet-alman müharibəsinin ilk aylarında düşmən gülləsinə tuş gəldiyindən ailənin bütün çətinlikləri onun üzərinə düşür. Doğma kəndlərində ibtidai sinif müəllimi işləyir. Təhsilini davam etdirmək məqsədilə Gəncə şəhərinə gəlir və buradakı K.Setkin adına Pedaqoji Texnikumun III kursuna qəbul olunur. 1947-ci ildə oranı "əla” qiymətlərlə bitirir. H.Zərdabi adına Gəncə Pedaqoji İnstitutunda tarix müəllimliyi ixtisası üzrə təhsil alır (1947-1951). Təhsil uğurlarına görə Lenin komsomolu təqaüdünə layiq görülür. 1951-1952-ci illərdə Kirovabad Pedaqoji İnstitutunda baş laborant və Gəncədəki Toxuculuq Texnikumunda tarix müəllimi işləyir.
Elmdən keçən şöhrət yolu
Hüseyn müəllim V.İ.Lenin adına ADPİ-nin (indiki ADPU) əyani aspiranturasında oxumuş, bir müddət institutun azad komsomol komitəsinin birinci katibi olmuşdur. Azərbaycan ETPEİ-də (indiki Təhsil İnstitutu) kiçik elmi işçi vəzifəsində işləyən H.Əhmədov 1958-ci ildə namizədlik, 1972-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1958-1959-cu illərdə V.İ.Lenin adına ADPİ-nin Pedaqogika kafedrasında assistent, 1964-1977-ci illərdə dosent, 1977-2014-cü illərdə professor vəzifələrində çalışmışdır. 1974-1977-ci illərdə V.İ.Lenin adına ADPİ-də Orta məktəb direktorlarının ixtisasartırma fakültəsinin dekanı, 1974-2014-cü illərdə ADPU-nun Elmi şurasının, riyaziyyat və tarix fakültələrinin Elmi Şuralarının üzvü olmuşdur. SSRİ Nazirlər Soveti yanında AAK tərəfindən 1977-ci ildə ona Pedaqogika kafedrası üzrə professor elmi adı verilmişdir. 1977-ci ildə müsabiqə yolu ilə V.İ.Lenin adına ADPİ-nin Ümumi pedaqogika kafedrasına müdir vəzifəsinə seçilmiş, 2014-cü ilə kimi həmin vəzifədə çalışmışdır.
Pedaqogika nəzəriyyəsi üzrə namizədlik dissertasiyası müdafiə etsə də, 60-cı illərdən başlayaraq Azərbaycanda məktəb təhsilinin tarixini öyrənməyə başlayır. 1968-1970-ci illərdə elmi yaradıcılıq ezamiyyətinə gedən H.Əhmədov Moskva, Leninqrad, Tbilisi, Bakı, Həştərxan, İrəvan dövlət arxivlərində çalışır, üstünü toz basmış xeyli sənədləri aşkara çıxarır, külli miqdarda material toplayır, sistemə salır və "XIX əsrdə Azərbaycanda məktəb təhsilinin inkişaf tarixi” mövzusunda doktorluq dissertasiyası müdafiə edir. Həmin dissertasiyanın materialları əsasında nəşr etdirdiyi "XIX əsr Azərbaycan məktəbi” monoqrafiyası millətimizin yüzillik təhsil tarixinin müfəssəl və möhtəşəm salnaməsidir. Azərbaycan məktəb və pedaqoji fikir tarixi sahəsində apardığı ardıcıl və sistemli tədqiqatları onun çoxşaxəli elmi yaradıcılığının mərkəzində dayanır. O, Azərbaycan pedaqoji fikir klassiklərinin, maarifçilərinin, məktəbdarlarının, ilk növbədə N.Tusi, A.A.Bakıxanov, M.Ş.Vazeh, M.F.Axundov, H.B.Zərdabi, S.Ə.Şirvani, S.M.Qənizadə, A.O.Çernyayevski, M.Ə.Elxanov, F.B.Köçərli, M.H.Ruşdiyyə, S.B.Vəlibəyov, C.Məmmədquluzadə, M.T.Sidqi, N.Nərimanov, Ü.Hacıbəyov, R.Əfəndiyev, R.Əfəndizadə, Ə.Y.Seyidov və digərlərinin pedaqoji ideyalarını tədqiqata cəlb etmiş, onların xalq maarifi, məktəb təhsili, təlim-tərbiyə ilə bağlı fikirlərini aşkarlamış, pedaqoji fikrin qaynaqlarını üzə çıxarmış, gənc nəslin tərbiyəsində həmin irsin əhəmiyyətini əsaslandırmış, bu günümüz üçün əhəmiyyətli olan elmi müddəalar irəli sürmüşdür. Bu tədqiqatlar əsasında o, "Azərbaycanda məktəb və pedaqoji fikir tarixi” adlı xüsusi kurs yaratmış, onun proqramının və dərsliyinin nəşrinə nail olmuşdur.
O, Moskvada nəşr edilən 40 çap vərəqindən artıq olan "Azərbaycan pedaqoji fikir antologiyası” adlı iri həcmli monumental əsərin, SSRİ PEA tərəfindən çap olunan "SSRİ xalqlarının məktəb və pedaqoji fikir tarixinə dair oçerklər” adlı çox cildliyin I və IV cildlərinin (Moskva, 1989, 1991), 2 cildlik "Rus Pedaqoji Ensiklopediyası”nın, həmçinin 10 cildlik Azərbaycan Sovet Ensiklopediyasının IV-X cildlərinin əsas müəlliflərindən biridir. O, Moskva, Leninqrad, Kiyev, Daşkənd, Poltava, Penza, Səmərqənd, Ulyanovsk və digər şəhərlərdə keçirilən elmi konfrans və sessiyalarda fəal iştirak etmiş, nüfuzlu, kəsərli, orijinal fikirləri ilə həmkarlarının rəğbətini qazanmışdır. Onun təhsil və pedaqoji fikir tarixi ilə bağlı əsərləri Azərbaycan pedaqoji elminin qızıl fonduna daxil edilmişdir.
Nüfuzlu təhsil tarixçilərindən biri
Hüseyn Əhmədov təkcə Azərbaycanda deyil, həm də keçmiş İttifaqda yaxşı tanınan nüfuzlu təhsil tarixçilərindən biri olub. Məhz bunun nəticəsidir ki, o, 1990-cı il dekabrın 20-də SSRİ Pedaqoji Elmlər Akademiyasının müxbir üzvü seçilmişdi. Xatırlatmaq yerinə düşər ki, varlığı ərzində həmin akademiyaya (1943-cü ildə yaradılıb) cəmi 4 nəfər azərbaycanlı üzv seçilmişdir. Mərhum akademik M.Mehdizadə onun həqiqi üzvü, A.Abbaszadə, S.İmanov və H.Əhmədov isə müxbir üzvləri olmuşlar.
Hüseyn Əhmədov 1993-cü ildə Azərbaycan Milli Yaradıcılıq Akademiyasının, 1993-cü ildə Moskvadakı Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının, 1995-ci ildə Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü (akademiki) seçilmişdir. 1998-ci ildə elmi-pedaqoji sahədəki yaradıcılıq uğurlarına, elmi-pedaqoji kadr hazırlığındakı xidmətlərinə görə Beynəlxalq Pedaqoji Akademiyanın Y.Komenski adına Böyük Qızıl Medalı ilə təltif olunmuş, 1999-cu ildə Rusiya Dövlət Təhsil Akademiyasının xarici üzvü seçilmiş, 2005-ci ildə Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyası tərəfindən "Türk Dünyasına Hizmet” qızıl medalı ilə təltif olunmuş, 2006-cı ildə "El gücü” Beynəlxalq Humanitar Assosiasiyasının qərarı ilə Heydər Əliyev adına "Əsrin Akademiyası”na həqiqi üzv qəbul olunmuşdur. 2006-cı ildə Amerikanın Beynəlxalq Ekspertiza və Bioqrafik Tədqiqatlar İnstitutu Hüseyn Əhmədova pedaqogika elmindəki yüksək xidmətlərinə görə xüsusi sertifikat təqdim etmiş, onu pedaqogika elminin bilicisi hesab etmişdir. 2007-ci ildə Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyinin "K.Uşinski” medalı, həmçinin Rusiyanın "Dolq i çest” ordeni ilə təltif olunmuş, Rusiya Təhsil Akademiyasının qızıl medalına və fəxri fərmanına layiq görülmüşdür.
Professor Hüseyn Əhmədov "Azərbaycan SSR qabaqcıl maarif xadimi” (1973), "SSRİ maarif əlaçısı” (1977), Ümumittifaq "Bilik” cəmiyyəti idarə heyətinin "Fəaliyyətinə görə” (1985) döş nişanları ilə təltif edilmiş, "Azərbaycan SSR əməkdar ali məktəb işçisi” (1981) fəxri adına layiq görülmüşdür.
2007-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olan Hüseyn Əhmədov müharibə və əmək veteranı idi.
Məhsuldar alim, yorulmaz tədqiqatçı
Professor Hüseyn Əhmədovu həmkarlarından fərqləndirən əsas cəhət onun geniş elmi erudisiyası, məhsuldarlığı və zəhmətkeşliyi olub. Onun "İbtidai məktəb şagirdlərinin kommunist əxlaqi tərbiyəsində nümunənin rolu və ondan istifadə etmək yolları” (1958), "Uşaqların tərbiyəsində valideynin şəxsi nümunəsi” (1962), "Pedaqogikaya giriş” (1973), "100 yaşlı Yuxarı Salahlı kənd məktəbi” (1978), "N.Nərimanovun pedaqoji fikirləri” (1979), "100 yaşlı Qarğabazar məktəbi” (1983), "XIX əsr Azərbaycan məktəbi” (1985, 2000), "N.Tusi” (1992, 2001), "N.Nərimanovun pedaqoji fikirləri” (2000), "İdarəetmənin pedaqogika və psixologiyası” (2001, 2004), "Avrasiya xalqlarının məktəb və pedaqoji fikir tarixinə dair oçerklər” (2012), "Azərbaycan pedaqoji fikir antologiyası” (1990), "Maarif fədailəri: Firidun bəy Köçərli, Rəşid bəy Əfəndiyev-150” (2013), "Azərbaycan məktəb və pedaqoji fikir tarixi” (2014) adlı monoqrafiya, dərslik və dərs vəsaitləri, "Seçilmiş əsərləri”nin 29 cildi, Azərbaycanın və xarici ölkələrin nüfuzlu mətbuat orqanlarında 600-dən artıq elmi və publisistik məqaləsi nəşr olunub.
Müxtəlif vaxtlarda - İrəvanda, Tiflisdə, Səmərqənddə, Daşkənddə və Moskvada rəsmi opponent, Müdafiə Şuralarının üzvü, sədr müavini və sədri kimi fəaliyyət göstərib. Elmi rəhbərliyi ilə 60-a yaxın fəlsəfə və elmlər doktoru yetişib.
Milli dərsliklərə yeni nəfəs və ya ana dilli dərsliklərimiz milli sərvətimizdir
Ana dilli dərsliklərimizi milli sərvətimiz hesab edən akademik H.Əhmədovun ən vacib xidmətlərindən biri də XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində Tiflisdə, Təbrizdə və Bakıda ərəb əlifbası ilə nəşr olunmuş dərsliklərimizi transliterasiya və faksimiliya yolu ilə yenidən nəşr etdirməsidir. N.Dementyevin "Təmsillər və hekayələr” (Tiflis, 1839), İ.Qriqoryevlə M.Ş.Vazehin "Kitabitürki” (Təbriz, 1855), A.O.Çernyayevskinin "Vətən dili” (I hissə, Tiflis, 1882), Rəşid bəy Əfəndiyevin "Uşaq bağçası” (Tiflis, 1912), "Bəsirət-ül-ətfal” (Bakı, 1901), A.Çernyayevski və S.Vəlibəyovun "Vətən dili” (II hissə, Tiflis, 1888), S.Vəlibəyovun "Qüdrəti-Xuda” (Tiflis, 1888), Üzeyir Hacıbəyovun "Hesab məsələləri”ni (Bakı, 1907) yenidən nəşr etdirməklə o, həmin dərsliklərə yeni həyat, yeni nəfəs bəxş etmişdir.
Nərimanovşünas alim
Hüseyn Əhmədovun elmi-pedaqoji fəaliyyətində Nəriman Nərimanovun pedaqoji irsinin tədqiqi və təbliği ayrıca bir mərhələ təşkil edir. 1957-ci ildən ömrünün sonunadək ardıcıl olaraq bu mövzu üzrə tədqiqatını davam etdirən Hüseyn Əhmədov təhsil və pedaqoji fikir tarixinə N.Nərimanovun görkəmli tədqiqatçısı kimi daxil olmuşdur. Onun böyük maarifçi, siyasət və dövlət adamı Nəriman Nərimanovla bağlı Azərbaycan, rus, erməni və gürcü dillərində Bakıda, İrəvanda, Tbilisidə, Moskvada, Həştərxanda, Saratovda çap olunan məqalələri, "N.Nərimanovun pedaqoji fikirləri” adlı sanballı monoqrafiyası nərimanovşünaslığa dəyərli töhfədir.
Maraqlıdır ki, professor Hüseyn Əhmədovun pedaqoji fikir tarixi ilə bağlı ilk məqaləsi Nəriman Nərimanovun yaradıcılığına həsr olunub. Ölümündən bir neçə gün sonra Moskvanın nüfuzlu elmi nəşrlərdən olan "Munisipalnoye obrazovaniye: innovasii i eksperiment” (№2 (71) 2020) jurnalında dərc edilən sonuncu məqaləsi də Nəriman Nərimanovun 150 illiyinə həsr olunmuşdu.
Cənnəti sağlığında qazanan insan
Professor Hüseyn Əhmədov Allahın ona lütv etdiyi ömrü şərəflə, ləyaqətlə və zəhmətlə yaşadı, adını millətin təhsil tarixinə, mədəniyyət tarixinə yazmağı bacardı. Belə insanlar ölmür, sadəcə dünyalarını dəyişirlər. Ürəyinin odundan, gözlərinin nurundan, qələminin gücündən mənim kimi ömrünə pay düşən yetirmələrinin, səsini, sifətini, xeyirxah əməllərini xatırlayanların xatirələrinə köçür, fikirlərdə və xəyallarda, nəvələrinin adında və soyadında, yazdıqları kitabların səhifələrində yaşayırlar. Hüseyn müəllim ömrünün 94-cü baharında əbədi dünyaya köç etdi.
Fərrux RÜSTƏMOV, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi

Mənbə: aztehsil.com