Karantin rejimində Azərbaycanda qəzalar niyə artdı? - Açıqlama

Karantin rejimində Azərbaycanda qəzalar niyə artdı? - Açıqlama

Pandemiya dövründə dünyada avtomobil qəzalarının sayında azalma müşahidə olunub. Azərbaycanda isə vəziyyət bir qədər fərqlidir.

Belə ki, 2020-ci ildə həm karantindən əvvəl, həm də karantin dönəmində yol-nəqliyyat hadisələrinin sayı ciddi şəkildə artıb. İlin ilk üç ayında Azərbaycanda 421 yol-nəqliyyat hadisəsi baş verib. Bu, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 12,6 faiz çoxdur.

Baş verən hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 15,5 faiz artaraq 559 nəfər olub. Onlardan 181-i ölüb, 378-i yaralanıb. Hadisələrin 35,4 faizi gündüz, 39,4 faizi gecə, 25,2 faizi isə toran vaxtı baş verib. Lakin qəzaların hazırda da ardı-arası kəsilmir. Təkcə bu gün Bakı-Şamaxı yolunda baş verən ağır qəza nəticəsində 5 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.

Maraqlıdır, yol-nəqliyyat hadisələrinin artmasının səbəbi nədir?

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov bildirib ki, mart ayında yol-nəqliyyat hadisələrinin sayında hiss olunacaq qədər artım olub, lakin bu, o demək deyil ki, karantin dövründə hadisələr həddən çox olub:

“Burada bir neçə məsələyə nəzər salmalıyıq. Xüsusi karantin rejimi səhv etmirəmsə, martın 24-dən etibarən tətbiq edilməyə başlayıb. Biz o tarixə nəzər salmalıyıq. Mart ayının əvvəllərində də müəyyən məhdudiyyətlər tətbiq edildi, lakin sərtləşdirilmiş rejim martın sonu və aprelin əvvəlində özünü göstərdi. Rayonlararası əlaqə də həmin dövrədək davam etdirildi. Sonrakı dövrdə isə əlaqə kəsildi, belə olan təqdirdə təbii ki, yol-nəqliyyat hadisələrində azalma baş verdi, hətta mən deyərdim ki, xüsusi karantin rejiminin qüvvədə qaldığı dövrdə Azərbaycanda baş verən yol-nəqliyyat hadisələrində hiss olunacaq dərəcədə azalma olub”.

Ekspert vurğulayıb ki, aprel,may və iyun ayında olan statistik rəqəmlər 2019-cu ilin həmin dövrü ilə müqayisədə daha az olacaq:

“Karantin rejimi tətbiq edilən zaman nisbətən az sayda nəqliyyat vasitələri yollarda hərəkət edib. Yüksək səviyyədə olmayan intensivlik müşahidə etmişik. Kəskin azalma olduğu təqdirdə təbii olaraq risk də azalır. Amma mart ayında sıxlıq olduğu üçün qəza da çox olub. Ümumiyyətlə, yol-nəqliyyat hadisələri həmişə var. Bunun başlıca səbəbi odur ki, nəqliyyat vasitələrini idarə edən şəxslər yol hərəkəti qaydalarına əməl etmirlər. Hansısa bir nəfərin qaydanı pozması qəza ilə nəticələnir. Hər kəs qaydanı bilib ona uyğun hərəkət etməlidir. Məsələn, son bir həftə ərzində KİV-də gedən bir neçə xəbərdə videolara baxdım qəzaların əksəriyyəti yol kəsişməsində baş verir, çünki hansısa avtomobil qırmızı işıqda yolu keçməyə cəhd edir.

Qəzaları psixoloji aspektlər və yorğunluqla bağlayanlar da var. Məsələn, rayonlar arası sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələri var, onların müəyyən yorğunluğu ola bilər.

Amma hər bir hadisəni təhlil etdikdə biz o qənaətə gəlirik ki, bizdə karantin rejimi mövcud olmağına baxmayaraq, qaydalar ciddi şəkildə pozulub. Burada ümumi karantin qaydalarından söhbət gedir. İnsanlar heç nəyə məhəl qoymurlar. Adi maskanı belə taxmayan var. Elə avtomobil olur ki, içində maskasız 5-6 nəfər olur. İnsanlar düşünürlər ki, onları görən olmayacaq, istədikləri kimi hərəkət edə bilərlər, onlara heç nə olmaz, çünki onlar peşəkardır. Bu, səhv yanaşmadır.

Karantin rejimində yolların boş olmasından istifadə edənlər də olub. Bu kimi hallara yol verilməməlidir. Özün peşəkar ola bilərsən, lakin qarşındakı sürücü sənin kimi olmaya bilər. Maksimum ehtiyatlı olmaq lazımdır”.

Sayad Həsənli

Mənbə: yenisabah.az