Rusiyada təhsil alan azərbaycanlı tələbələrin əksəriyyəti vətənə qayıtmayıb

Rusiyada təhsil alan azərbaycanlı tələbələrin əksəriyyəti vətənə qayıtmayıb

Rusiya Federasiyasında 12 mindən çox azərbaycanlı tələbə təhsil alır. Koronavirus səbəbindən isə bir çox ölkələrdə olduğu kimi, Rusiyada fəaliyyət göstərən universitetlər də onlayn təhsil sisteminə keçiblər.

Qazet.az xəbər verir ki, indi yüzlərlə tələbə təhsilləri ilə bağlı narahatlıq yaşayır.

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu Qəzet.az-a açıqlamasında bildirib ki, mövcud epidemioloji vəziyyətlə əlaqədar olaraq Rusiyadakı azərbaycanlı tələbələrin müəyyən bir hissəsi öz istəkləri ilə vətənə geri qayıdıb.

“İlk növbədə qeyd etmək istərdim ki, Rusiya Federasiyasının ali təhsil müəssisələrində on iki mindən artıq Azərbaycan vətəndaşı təhsil alır. Mövcud epidemioloji vəziyyətlə əlaqədar olaraq Rusiyadakı azərbaycanlı tələbələrin müəyyən bir hissəsi öz istəkləri ilə vətənə geri qayıdıb, əksəriyyəti isə bu ölkədə qalmaqda davam edir.

Pandemiya səbəbiylə cari ilin mart ayının ortalarından etibarən Rusiya universitetləri məsafədən təhsil formasına keçiblər. Bundan əlavə, yay sessiyası, o cümlədən, bu il məzun olacaq tələbələr üçün dövlət imtahanları və diplom müdafiəsi də onlayn formatda təşkil ediləcəkdir. Bu baxımdan istər ölkəmizə geri qayıdan, istərsə də Rusiyada qalan tələbələrimizin təhsillərini davam etdirmələrinə imkanları var”.

Mənbə: qazet.az