Onların nəşi Azərbaycana gətirildi – ÖZƏL

Onların nəşi Azərbaycana gətirildi –

Azov dənizində dron hücumu nəticəsində həlak olan azərbaycanlı dənizçilər – Qismət Əliyev və Fuad Orucovun cənazələri artıq Qusar rayonunda yerləşən Samur sərhəd-keçid məntəqəsindən keçərək Azərbaycana gətirilib.

Cənazələri daşıyan xüsusi təyinatlı avtomobil hazırda Bakı istiqamətində hərəkət edir.

Məlumatı Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Anar Oruclu Bizim.Media-ya təsdiqləyib. O bildirib ki, mərhum Fuad Orucovun nəşi Bakıda müvafiq tibbi ekspertiza prosedurlarından keçirildikdən sonra ailəsinə təhvil veriləcək.


“Fuad Orucovun sabah Xaçmaz rayonunun Yergüc kənd qəbiristanlığında dəfn olunması nəzərdə tutulur”, – deyə Anar Oruclu qeyd edib.

Mərhum Qismət Əliyevin də cənazəsinin ekspertiza prosedurlarından sonra yaxınlarına təhvil veriləcəyi gözlənilir.

Xatırladaq ki, iyunun 5-i gecə saatlarında Azov dənizində iki xarici - "Natra" və "Zirkon" yük gəmilərinin dronlarla vurulması nəticəsində beş Azərbaycan vətəndaşı, o cümlədən kapitan Fuad Orucovun həlak olduğu, üç nəfərin isə yaralandığı bildirilib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Mənbə: bizim.media