Cənubi Koreyanın “SK Group” şirkətlər qrupunun sədri Çe Te Vonla keçmiş həyat yoldaşı Roh Soh-yeonq arasında illərlə davam edən və ölkədə “əsrin boşanması” adlandırılan məhkəmə prosesi yekunlaşıb.
Globalinfo.az-a istinadla xəbər verilir ki, məhkəmənin qərarına əsasən, milyarder keçmiş həyat yoldaşına əmlak bölgüsü çərçivəsində 944 milyard von (təxminən 1 milyard 88 milyon manat) ödəməlidir.
Bu məbləğ 2025-ci ildə apellyasiya məhkəməsinin müəyyən etdiyi təxminən 940 milyon dollarlıq kompensasiyadan azdır.
Bundan əlavə, biznesmen daha əvvəl aliment kimi 2 milyard von (təxminən 1,3 milyon dollar) ödəməyə də məcbur edilmişdi.
Qeyd edək ki, cütlük 1988-ci ildə ailə qurmuşdu və onların üç övladı var. Nikah 2015-ci ildə Çe Te Vonun məşuqəsinin olduğunu və həmin qadından övladının dünyaya gəldiyini etiraf etməsindən sonra faktiki olaraq dağılıb. Roh Soh-yeonq boşanma zamanı milyarderin sərvətinin yarısını – təxminən 1 milyard dolları tələb etsə də, məhkəmə biznesmenin şirkətdəki səhmlərini kompensasiyaya daxil etməyib.
Mənbə: www.bakupost.az