Güclü iradəsi onu ölümdən xilas etdi

Güclü iradəsi onu ölümdən xilas etdi

ABŞ-nin ən hündür dağlarından biri olan Qranit zirvəsinə qalxan 32 yaşlı tibb işçisi inanılmaz qəzadan möcüzəvi şəkildə sağ çıxıb.

Hadisə Cifaldinin iki dostu ilə birlikdə Montana ştatının ən yüksək zirvəsi olan Qranit zirvəsinə qalxdığı zaman baş verib. Təxminən 3 min 600 metr yüksəklikdə qayaların üzərində müvazinətini itirən gənc bədbəxt hadisə nəticəsində əlindəki trekkinq (dağ yürüşü) çubuğunun üzərinə yıxılıb.

Ayağa qalxdıqdan sonra Cifaldi çubuğun bədəninin bir tərəfindən daxil olub digər tərəfindən çıxdığını görüb. O, panikaya düşmək əvəzinə peşə təcrübəsinə arxalanaraq soyuqqanlılığını qoruyub.

Öz gücü ilə xilas olmağa qərar verən Cifaldi trekkinq çubuğu hələ də bədəninə saplanmış vəziyyətdə kömək tapmaq üçün dağdan enməyə başlayıb. Böyük iradə nümayiş etdirən gənc 6,5 saat ərzində təxminən 16 kilometr yol qət edərək xilasedicilərə və tibbi yardıma çata biləcəyi təhlükəsiz nöqtəyə çatmağı bacarıb.

Bu qeyri-adi qəzadan möcüzəvi şəkildə sağ çıxan Cifaldinin xəstəxanada müalicə olunduqdan sonra yaranan yüksək tibbi xərcləri qarşılamaq məqsədilə ianə kampaniyasına başladığı bildirilib.


Mənbə: unikal.az