"Sən kişi deyilsən" sözü davaya səbəb oldu

"Sən kişi deyilsən" sözü davaya səbəb oldu

Ağcabədi rayonunda 68 yaşlı kişi həmkəndlisinə xəsarət yetirib.

Hadisə bu ilin yanvarın 8-də rayonun kəndlərindən birində qəbir yeri üstündə yaranan mübahisə zamanı baş verib. 1958-ci il təvəllüdlü Akif həmkəndlisi Qədirə (adlar şərtidir – red.) xəsarət yetirib.

Akif həmin gün saat 09:00 radələrində Ağcabədi rayonunun kənd qəbiristanlığı ərazisində həmkəndlisi Qədirlə şəxsi münasibətlər zəminində mübahisə edib. O, yumruğu ilə Qədirin sifət nahiyəsinə bir zərbə vuraraq ona xəsarətlər yetirib.

Akifə qarşı Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Akif ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Ağcabədi rayonunun kəndində ailəsi ilə birlikdə yaşayır və təqaüdçüdür:

“Zərərçəkmiş Qədir həmkəndlim olub, əvvəllər aramızda heç bir ədavət və düşmənçilik olmayıb. Məlum hadisədən əvvəl, axşam saatlarında oğlum uzun müddətdir xəstəlikdən əziyyət çəkdiyi üçün yaşadığımız evdə vəfat etdi. O, vəfat etməmişdən təxminən 5–6 ay əvvəl vəfat etdiyi zaman yaşadığımız kənd qəbiristanlığında əvvəllər vəfat etmiş qızının məzarının sağ tərəfində dəfn olunmasını vəsiyyət etmişdi”.

Təqsirləndirilən şəxs deyib ki, məlum hadisə günü səhər saatlarında oğlunun dəfn ediləcəyi yeri dəqiqləşdirmək məqsədilə kənd qəbiristanlığına gediblər:

“Həmin vaxt gəlinim mərhumun qızımın məzarının sağ tərəfində dəfn olunmasını bildirdi. Lakin mən oğlumun həmin məzarın sağ tərəfində deyil, təxminən 10 metr aralıda, sol tərəfində dəfn olunmasını dedim. Bu zaman həmkəndlim Qədir mərhumun vəfat etməmişdən əvvəl bacısının məzarının sağ tərəfində dəfn olunmasını vəsiyyət etdiyini bildirdi. Eyni zamanda mənə qarşı "sən kişi deyilsən" ifadəsini işlətdi. Bunun nəticəsində əsəbiləşdim və Qədirə "sən kimsən, nə səbəbə mənim işimə qarışırsan?" dedim. Ardınca bir dəfə onun sifət nahiyəsinə yumruq zərbəsi vurdum. Həmin vaxt Qədir əlini sifət nahiyəsinə tutaraq qəbiristanlıqdan getdi. Mübahisə zamanı mərhumun həyat yoldaşı hadisə yerindən getdi. Qədirə yumruq zərbəsi vurduğum zaman isə yanımızda heç kim olmayıb”.

Təqsirləndirilən şəxs qeyd edib ki, gələcəkdə ailə üzvlərindən vəfat edən olacağı təqdirdə qızının məzarının sağ tərəfinin boş saxlanılmasını istədiyini bildirib. O, törətdiyi əmələ görə peşman olduğunu, himayəsində iki azyaşlı nəvəsinin olmasını, özünün yaşlı və xəstə olmasını nəzərə alınmasını xahiş edib.

Ağcabədi Rayon Məhkəməsinin hökmü ilə Akif 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməsi qadağan edilib. Həmçinin ona bu müddətdə Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulub.

Bundan əlavə, ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerini dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri tapşırılıb.

Mənbə: demokrat.az