Kobud zarafata görə taxta parçası ilə qonşusunu vuraraq dalağını partlatdı – QƏRAR

Kobud zarafata görə taxta parçası ilə qonşusunu vuraraq dalağını partlatdı – QƏRAR

Gəncə Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Mahmud İmanovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.


Hakim Sevindik Əzizovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, hadisə 2025-ci ildə gecə saatlarında Gəncə şəhəri ərazisində yerləşən yaşayış məntəqələrinin birində baş verib.


Belə ki, Mahmud İmanov gecə saat 23 radələrində yaşadığı ünvanın qarşısında qonşusu, zərərçəkmiş Əlikram Həmidzadə (adı, soyadı şərtidir) ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Mübahisəyə səbəb zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə kobud zarafat etməsi və onu təhqir etməsi olub.

Bu zaman Mahmud İmanov küçənin kənarında yerləşən su arxından taxta parçası götürərək Əlikram Həmidzadənin bel nahiyəsinə ardıcıl iki dəfə zərbə endirib.


Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, zərərçəkmiş şəxsə daxili qanaxma, dalağın cırılması və hematoması ilə müşayiət olunan qarının qapalı küt travması xəsarətləri yetirilib. Həmin xəsarətlər həyat üçün təhlükəli hesab edilərək sağlamlığa qəsdən ağır zərər vurma kimi qiymətləndirilib.


Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mahmud İmanov 2 il 9 ay 9 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Mənbə: pravda.az