Sumqayıtda fəaliyyət göstərən “Nauka Tədris Mərkəzi”ndə azyaşlının döyüldüyü iddia edilir.
Bu barədə bağçanın yay düşərgəsində oğlunun zorakılığa məruz qaldığını iddia edən valideyn Nuranə Mehraliyeva bildirib.
Onun sözlərinə görə, hadisə nəticəsində uşağın üz və bədən nahiyəsində xəsarətlər yaranıb:
“Oğlum Tunar Abdullayevin 7 yaşı var və bu il məktəbə gedəcək. Əvvəllər də özəl bağçaya gedirdi. Ancaq həmin vaxt müəllimi analıq məzuniyyətinə çıxdığı üçün rus bölməsi üzrə hazırlıq dərsləri dayandırılmışdı.
Araşdırma apardıqdan sonra mənə dedilər ki, Pərvanə xanım yaxşı müəllimdir. Buna görə oğlumu onun hazırlıq kursuna gətirdim.
Bir neçə dərsdən sonra mənə bildirdilər ki, uşaqların bazası zəifdir və həftədə bir dəfə dərs kifayət etmir. Təklif etdilər ki, uşağı əvvəlki bağçadan çıxarıb onların bağçasına gətirim. Mənə 6 ay ərzində oğlumun tam hazır vəziyyətə gətiriləcəyinə və məktəbə hazır olacağına zəmanət verdilər.
Onların dediyi kimi etdim. Oğlumu əvvəlki bağçadan çıxarıb bu bağçaya keçirdim. Tələb olunan bütün ödənişləri vaxtında etmişəm. Hətta aylıq ödənişdən əlavə, hər ay gəzinti və digər fəaliyyətlər üçün 300 manat da ödəmişəm”.
.jpg)
Ananın sözlərinə görə xoşagəlməz hadisə isə ayın 27-də baş verib:
“Bundan əvvəl də bir-iki dəfə problemlə üzləşmişdik. Bağça əməkdaşlarının səslərini qaldırmaları, uşaqlara təhqiredici davranışları ilə bağlı rəhbərliyə məlumat vermişdim. Hər dəfə mənə həmin şəxsin işdən çıxarıldığını və məsələnin həll olunduğunu desələr də, sonradan bunun sadəcə bizi yola vermək üçün edildiyini başa düşdüm.
İmtahanlarına görə gözləyirdim ki, oğlum əvvəlcə imtahanlarını versin, sonra bağçadan çıxarım. Daha sonra bağça tərəfindən yay düşərgəsi təşkil olundu. Məcbur qalıb uşağımı həmin düşərgəyə göndərdim ki, vaxtını səmərəli keçirsin.
Tədris Mərkəzinin 2 filialı var. Bizim getdiyimiz filial 5-ci mikrorayonda yerləşirdi. Hadisə isə yaxınlıqdakı idman kompleksinin həyətində təşkil olunan düşərgədə baş verib.
Həmin ərazidə menecer uşağı çubuqla vurub. Nəticədə oğlumun üz nahiyəsində və bədənində müxtəlif xəsarətlər yaranıb. Qızım da həmin bağçaya gedir və hadisənin şahididir. Digər uşaqlar da həmin şəxsin davranışlarının normal olmadığını təsdiqləyə bilərlər. Qeyd edim ki, həmin şəxs müəllim deyil, düşərgəni təşkil edən menecerdir”.
Valideyn bildirib ki, bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib və hazırda məsələ araşdırılır.
.png)
Məsələ ilə bağlı “Nauka Tədris Mərkəzi”ndən saytımıza bildirildi ki, qeyd olunan məlumatların bu formada yayılması həqiqətə uyğun deyil:
“Bunlar “Nauka Tədris Mərkəzi”nin işgüzar nüfuzuna ciddi xələl gətirir. Fiziki zorakılıq iddiası həqiqəti əks etdirmir. Hadisə ilə bağlı müəssisədə mövcud olan müşahidə kameralarının görüntüləri tərəfimizdən qorunub saxlanılıb. Həmin görüntülərin araşdırılması zamanı uşağın müəllim tərəfindən döyülməsi və ya çubuqla vurulması barədə yayımlanmış iddianı təsdiq edən hər hansı hal müəyyən edilməyib. Hadisənin baş verdiyi iddia olunan vaxt üzrə kamera görüntüləri, “WhatsApp” yazışmaları, səs materialları və digər sənədlər mövcuddur və zərurət yarandıqda aidiyyəti orqanlara, məhkəməyə sübut kimi təqdim edilə bilər.
Bu müraciətə qanunvericiliklə müəyyən edilmiş müddətdə əsaslandırılmış cavab verilməsini xahiş edirik. Tələblərimizin təmin edilməsindən imtina edildiyi və ya qanunla nəzərdə tutulmuş qaydada cavab verilmədiyi halda, hüquqlarımızın müdafiəsi üçün aidiyyəti dövlət orqanlarına və məhkəməyə müraciət etmək, o cümlədən dəymiş maddi və mənəvi zərərin əvəzinin tələb edilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarımızdan istifadə etmək hüququnu özümüzdə saxlayırıq”.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, iddialarla bağlı polis idarəsinə müraciət daxil olub. Müraciət üzrə prosessual araşdırma aparılır.
Lamiyə Məmmədova


Mənbə: qafqazinfo.az