İran sanksiyalardan yayınmaq üçün dünyanın ən böyük qanunsuz qumar şəbəkələrindən birindən və Dubayda yerləşən lisenziyasız kriptovalyuta birjasından istifadə edib.
Bu barədə "Reuters" agentliyi araşdırma dərc edib.
Sxemin mərkəzi həlqəsi kimi Dubayda yerləşən və iranlı Siyavaş Keyvanpur tərəfindən idarə olunan lisenziyasız "Shelbit" kriptovalyuta birjası çıxış edib.
Şirkət vasitəsilə iranlı blogerlər tərəfindən təbliğ edilən 2 000-dən çox onlayn-kazinodan ibarət farsdilli şəbəkənin maliyyə əməliyyatları həyata keçirilib.
Araşdırma məlumatlarına görə, "Shelbit" birbaşa İran Mərkəzi Bankı, İranın "Nobitex" platforması və İsrail kəşfiyyatının İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqələndirdiyi kripto-pul kisələri ilə maliyyə əməliyyatları aparıb. Analitiklər İran tənzimləyicisindən ən azı 125 milyon dollar, mayninqdən isə təxminən 20 milyon dollar həcmində vəsaitin emal edildiyini qeydə alıblar.
SEPAH-ın birja üzərində birbaşa nəzarəti sübut olunmasa da, ekspertlər bu miqyaslı əməliyyatı İran təhlükəsizlik qüvvələrinin aşkar işi adlandırırlar. Hazırda Dubayın Virtual Aktivlərin Tənzimlənməsi Qurumu (VARA) çirkli pulların yuyulması şübhəsi ilə "Shelbit" birjasına qarşı təhqiqat aparır
Mənbə: musavat.com