Bu günlərdə mərhum Xalq şairi Nəriman Həsənzadənin sabiq prezident Əbülfəz Elçibəyə həsr etdiyi şeir sosial şəbəkələrdə paylaşıldı. Deyilənə görə, şeir 1992-ci ilin mayında yazılıb. Həmin dövrdə Şuşa və Laçın erməni ordusu tərəfindən yeni işğal edilmişdi. Azərbaycan torpaq itirir, şəhidlər verirdi. Bir yandan da vətəndaşlar dədə-baba yurdlarından didərgin düşürdü.
Nəriman Həsənzadənin o dövrdə belə kövrək, təsirli şeir yazması təbii idi. Dövrün iqtidarı – Mütəllibov hakimiyyəti iflic vəziyyətə düşmüşdü. Xalqın etimadını itirmişdi. Vətəndaşları, ərazi bütövlüyünü müdafiə etmək gücündə deyildi. Azərbaycan Xalq Cəbhəsi (AXC) isə təşəbbüsü götürmüşdü; meydanlarda, parlamentdə xalqın mövqeyini təmsil, həmçinin müdafiə edirdi.
Mövzu ilə bağlı o dövrdə milli azadlıq hərəkatında fəal iştirak etmiş Əməkdar jurnalist Azər Ayxan Globalinfo.az-a danışarkən 1992-ci ildə Əbülfəz Elçibəyin AXC sədri və prezidentliyə namizəd kimi çox populyar olduğunu bildirib:
“O dövrdə Azərbaycanda siyasi proseslər də sürətlənmişdi. 1992-ci ilin mart ayında prezident seçkisi elan edilmişdi. AXC Əbülfəz Elçibəyin namizədliyini irəli sürmüşdü. Onun xeyli rəqibi vardı. Məsələn, Etibar Məmmədov, İlyas İsmayılov, Nizami Süleymanov, Yaqub Məmmədov və s. Amma favorit namizəd Elçibəy sayılırdı. Əksəriyyət onun ölkə başçısı seçilməsini istəyirdi. Həmin dövrdə AXC ətrafına xeyli ziyalı – şair, yazıçı, bəstəkar, incəsənət xadimləri toplanmışdı. Nəriman Həsənzadə də ictimai xadim və sevilən şair kimi fəal idi. Sözlə, şeirləri ilə xalqının yanında olmağa çalışırdı. Ürək yanğısı ilə bu proseslərdə iştirak edirdi. Görünür, hadisələrin fonunda belə bir şeir yazıb”.
Azər Ayxan deyib ki, may ayının 15-də AXC hakimiyyət dəyişikliyi etdi:
“Seçkiyə 1 aydan da az qalmış, Ayaz Mütəllibov qanunsuz şəkildə hakimiyyətə qayıtmağa cəhd göstərdi. O, 1992-ci ilin mart ayının 6-da xalqın israrlı tələbi ilə istefa vermişdi. Deyilənə görə, 2 ay sonra Moskvadan təlimat alaraq hakimiyyət çevrilişi etmək istədi. AXC buna qarşı çıxdı, xalqa çağırış edildi. Bundan sonra AXC-nin Səbail rayonundakı qərargahının qarşısına on minlərlə insan yığıldı. Ali Sovetə yürüş başladı. Mütəllibov qorxub, Azərbaycandan qaçdı. Bundan sonra hakimiyyət Xalq Cəbhəsinin nəzarətinə keçdi. İsa Qəmbər Ali Sovetin sədri seçildi. Həmçinin seçkilərin nəticələri elan edilənə kimi prezidentin səlahiyyətlərini icra etməyə başladı. Bu amil də AXC-yə və onun lideri Elçibəyə münasibəti ictimaiyyətdə müsbətə tərəf dəyişdirdi. Tərəddüd edən ziyalılar da başladılar AXC-ə tərəf gəlməyə”.
Azər Ayxan deyib ki, bundan təxminən 1 il sonra Əbülfəz Elçibəy hərbi qiyam yolu ilə devrildi:
“4 iyun hərbi qiyamı AXC hakimiyyətini süqut etdirdi. Əbülfəz Elçibəy Kələkiyə getdi. Milli Məclisdə onu qınayanların, tənqid edənlərin sayı artmağa başladı. Nəriman Həsənzadə həmin dövrdə Müsavat Partiyasının Bərpa Mərkəzində təmsil olunurdu. Yanlış xatırlamıramsa, Müsavatın Bakı Bərpa Mərkəzinin sədri idi. 4 iyun qiyamından sonra mövqeyini dəyişməyə başladı. Partiyadan çıxdığını elan etdi, ilk fürsətdə AXC iqtidarını qınayan açıqlamalar verdi. Ali Sovetin iclasında çıxış etməyə təşəbbüs göstərdiyini də xatırlayıram. Parlamentə yeni sədr seçilmiş Heydər Əliyevdən söz istəyirdi. Hətta rəyasətə yaxınlaşıb, sədarətə yazılı kağız verdiyi də yadımdadır. Bilmirəm, ona söz verildimi, amma Heydər Əliyev onun adını çəkib demişdi, Nəriman Həsənzadə danışmaq istəyir. Bu detal 1993-cü ilin iyun hadisələrindən bəhs edən kadrlarda əks olunur. YouTube-dən baxmaq olar”.
A.Ayxan bildirib ki, Elçibəyin o ağır, məşəqqətli günlərində Ramiz Rövşən onun haqqında məşhur şeiri yazdı:
“Bu şeir əsəblərə və emosiyalar müəyyən qədər su çiləmiş oldu. Elə bir təsirli şeir idi ki, onu oxuyub, düşünməmək və susmamaq mümkün deyildi. “Sənə bir daş atar yerindən duran” – şeir belə başlayırdı. İki görkəmli və sevilən şairimiz bir siyasi liderə 1 il fərqlə şeir həsr etmişdi. Poeziya vasitəsi ilə Elçibəyə və tarixə xitab idi bu şeirlər. Maraqlıdır ki, Ramiz Rövşən Elçibəyin güclü və xalq tərəfindən dəstəkləndiyi vaxtda yox, devrildikdən və Bakıdan getdikdən sonra bu şeiri yazmışdı. Mən bugünkü reallıqdan baxdıqda hər iki şeiri çox səmimi və gərəkli sayıram. Allahdan Nəriman Həsənzadəyə rəhmət, Ramiz Rövşənə can sağlığı arzu edirəm”.
Globalinfo.az Ramiz Rövşənin 1993-cü ilin iyun ayında Əbülfəz Elçibəyə həsr etdiyi şeiri təqdim edir:
Sənə bir daş atar yerindən duran,
Səni sevdiklərin daşqalaq eylər.
Bir əlində daş var,birində Quran,
Daş atan bilirmi nə günah eylər?!
Silərsən gözündən axan yaşları,
Öpüb əzizlərsən sən o daşları,
Deyərsən: “Var olun,qan qardaşlarım”,
Məni təzə daşa kim qonaq eylər?!
Hər daş özü boyda köz olub yanar,
Cana damga kimi basılıb yanar,
Qanlı yaraların qızarıb yanar,
Səni başdan başa çılçıraq eylər.
Bircə tilsimin var –
Sevgi tilsimi,
Kim qırar Tanrıya bağlı bir simi?!
Tanrı Tanrıdırsa, öz elçisini
Min bir daş altında yenə sağ eylər.
Sən dözərsən ağrısına,
Daş dözməz,daş haray eylər.
O daşlardan Tanrı sənə
Bir ev tikər, saray eylər…
Mənbə: www.bakupost.az