Ötən gün Bab əl-Məndəb və Hörmüz boğazlarından keçən gəmilərin sayı əvvəlki günlərlə müqayisədə əhəmiyyətli dərəcədə azalıb.
Bu barədə "Reuters" agentliyi gəmiçilik məlumatlarına istinadən xəbər yayıb.
Dəniz daşımalarının monitorinqi ilə məşğul olan “Kpler” platformasının məlumatına əsasən, çərşənbə günü Hörmüz boğazından cəmi iki gəmi keçib. Halbuki əvvəlki gün bu göstərici səkkiz gəmi olub.
Fevral ayında ABŞ-İran müharibəsi başlamazdan əvvəl bu strateji dəniz yolundan gündə təxminən 130–140 gəmi keçirdi.
“Kpler”in məlumatına görə, Bab əl-Məndəb boğazından isə çərşənbə günü yalnız bir yük gəmisi – Baham adaları bayrağı altında üzən quru yükdaşıyan gəmi keçib. Bu göstərici əvvəlki gün 20 gəmi təşkil edirdi.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib.
Mənbə: az.trend.az