Tovuzda AĞIR QƏZA: 25 yaşlı gənc öldü - FOTO

Tovuzda AĞIR QƏZA: 25 yaşlı gənc öldü - FOTO

Tovuz rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-a istinadən xəbər verilir ki, hadisə rayonun Düz Cırdaxan kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan "Ford" markalı yük avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil əvvəlcə yol kənarında yerləşən elektrik dirəyinə, daha sonra isə ağaca çırpılıb. Güclü zərbə nəticəsində yük avtomobili ciddi şəkildə deformasiyaya uğrayıb.

Hadisə zamanı avtomobilin sürücüsü, Düz Cırdaxan kənd sakini, 25 yaşlı Fərid Tağıyev aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Qəza nəticəsində elektrik dirəyi də aşıb. Bu səbəbdən kəndin bir hissəsində elektrik enerjisinin verilişi müvəqqəti olaraq dayanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunublar. Xilasedicilər deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalan sürücünün cansız bədənini xüsusi avadanlıqların köməyi ilə çıxarıblar.

Sürücünün meyiti müvafiq araşdırmaların aparılması üçün Tovuz Rayon Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: oxu.az