İranda “Qara dul” ləqəbi ilə tanınan 56 yaşlı Kölsüm Əkbəri təxminən 20 il ərzində evləndiyi yaşlı kişiləri öldürməkdə təqsirli bilinib. Ən azı 10 qətldə məsul olduğu müəyyən edilən qadın qurbanların ailələrinin “qisas” tələblərindən sonra 10 ayrı ölüm hökmünə məhkum edilib.
“Qafqazinfo” xəbər verir ki, Əkbərinin qurbanlarının faktiki sayının 12-dən çox ola biləcəyi ehtimal edilir.
Qadın özü isə ifadəsində neçə nəfəri öldürdüyünü dəqiq xatırlamadığını, sayın 13 və ya 15 ola biləcəyini bildirib.
Əkbərinin illərlə gizli qalan cinayətləri 2023-cü ildə 82 yaşlı əri Qulamrza Babainin şübhəli ölümündən sonra araşdırılmağa başlanıb.
Məlumata görə, Babai ölümündən əvvəl ailəsinə həyat yoldaşının onu narkotik qəbul etməyə məcbur etdiyini bildirib. Onun ölümündən sonra başlayan istintaq zamanı Əkbərinin əvvəlki həyat yoldaşları və münasibətdə olduğu kişilərin şübhəli ölümləri də araşdırılıb.
Qurbanların müxtəlif şəhərlərdə yaşaması və ölümlərin fərqli vaxtlarda baş verməsi cinayətlərin uzun müddət diqqətdən kənarda qalmasına səbəb olub.
İstintaqın məlumatına görə, Əkbəri qurbanlarının əksəriyyətini sakitləşdirici dərmanlar, müxtəlif narkotik vasitələr və sənaye spirtindən istifadə etməklə öldürüb.
Rəsmilər qətllərin əsas motivinin maddi qazanc olduğunu bildirirlər. İddialara görə, qadın kişilərin sahib olduqları qızıl, nağd pul və digər qiymətli əşyaları əldə edib.
“The Telegraph” qəzetinin yaydığı məlumata görə, Əkbəri təxminən bir il əvvəl verdiyi ifadəsində qurbanlarının dəqiq sayını xatırlamadığını bildirib.
O, əvvəlcə kişilərə narkotik verdiyini, daha sonra isə dəsmaldan istifadə edərək onları öldürdüyünü etiraf edib.
İranın “Faraz Daily” qəzetinin məlumatına görə, Məlikabad kəndində doğulan Əkbərinin ilk ərindən boşandığı və daha sonra ikinci əri Əlicanı öldürməkdə də təqsirli bilindiyi bildirilir.
İranda tətbiq olunan hüquqi sistem çərçivəsində məhkəmə prosesi qurbanların ailələrinin tələbləri əsasında davam edib.
Qətlə yetirilən 10 kişinin ailələri Əkbəri barəsində “qisas” prinsipi ilə ölüm hökmünün çıxarılmasını tələb edib. Nəticədə məhkəmə qadına 10 ayrı ölüm hökmü verib.
Məlumata görə, qurbanların ailələrindən yalnız biri ölüm hökmü əvəzinə “qan pulu” qəbul etməyə üstünlük verib.
Mənbə: qafqazinfo.az