Kolumbiyada avqustun 10-da baş verən 7,4 maqnitudalı zəlzələnin ilkin hesablamalara görə ölkəyə vurduğu birbaşa maddi zərər 30 trilyon peso, yəni təxminən 9,6 milyard dollar təşkil edir.
Bunu Kolumbiya Prezidenti Abelardo de la Espriella açıqlayıb.
O bildirib ki, ümumi zərərin 24,5 trilyon pesosu və ya 7,8 milyard dolları yaşayış və digər binaların dağılması və zədələnməsi ilə bağlıdır. İnfrastruktur sahəsində qeydə alınan itkilərin həcmi isə 5,5 trilyon peso, başqa sözlə, 1,8 milyard dollar qiymətləndirilir. Prezident bildirib ki, açıqlanan rəqəmlər ilkin xarakter daşıyır və zərərin yekun məbləği aparılacaq qiymətləndirmələrdən sonra dəyişə bilər.
Son məlumatlara görə, təbii fəlakət nəticəsində 289 nəfər həyatını itirib, 4187 nəfər xəsarət alıb, 142 nəfərin taleyi isə hələlik məlum deyil. Zəlzələ 26 min 945 evin tamamilə dağılmasına, daha 127 min 557 evin isə müxtəlif dərəcədə zərər görməsinə səbəb olub.
Axtarış-xilasetmə əməliyyatlarına beynəlxalq dəstək də göstərilir. ABŞ, Ekvador və İsraildən ümumilikdə 138 xilasedici Kolumbiyaya göndərilib.
Qeyd edək ki, gücü 7,4 maqnitudaya çatan zəlzələ avqustun 10-da Kolumbiyanın qərbində, Çoko departamentindəki San-Xose-del-Palmar şəhəri yaxınlığında qeydə alınıb.
Mənbə: publika.az