Almaniyada Rusiyaya aid olduğu iddia edilən GİZLİ SİLAH SAXLANCI AŞKARLANDI

Almaniyada Rusiyaya aid olduğu iddia edilən GİZLİ SİLAH SAXLANCI AŞKARLANDI
Almaniya xüsusi xidmət orqanları Almaniyanın paytaxtı yaxınlığında yerləşən Brandenburq əyalətinin meşəlik ərazisində gizli silah saxlancı aşkar ediblər.
Bu məlumat "Süddeutsche Zeitung" nəşri ilə NDR və WDR televiziyalarının birgə həyata keçirdiyi təhqiqatda yer alıb.

Ötən yayın sonlarında alman kəşfiyyat zabitləri bir məlumat əsasında meşədə iki tapançanın olduğu gizli yer aşkar ediblər. Aşkar edilən bu fakt dərhal kəşfiyyat idarəsi rəhbərliyinin diqqətini cəlb edib və nəzarətə götürülüb.

Ölkədaxili təhdidlərin qarşısını almaq üçün 1950-ci ildən fəaliyyət göstərən Almaniya əks-kəşfiyyat qurumu - Konstitusiyanın Mühafizəsi üzrə Federal İdarə (BfV) bu gizli anbarın Rusiya xüsusi xidmət şəbəkəsinin göstərişi əsasında qurulduğu qənaətindədir.

Qeyd edək ki, müasir Almaniya tarixində bu cür hadisələr əvvəllər də baş verib: 2019-cu ildə çeçen əsilli müxalifətçi Zəlimxan Xanqoşvilinin Berlin şəhərindəki Tirqarten parkında öldürülməsi beynəlxalq miqyasda rezonans doğurmuş, məhkəmə qərarı ilə qətlin icraçısının Rusiya agenti olduğu təsdiqlənmişdi.

Almaniyanın Baş Prokurorluğu dövlət təhlükəsizliyinə təhdid formalaşdıran ağır zorakılıq aktına hazırlıq şübhəsi ilə bağlı araşdırmalara başlayıb. Rumıniya ərazisində bir şübhəlinin həbs edilməsi bu qruplaşmanın beynəlxalq səviyyədə fəaliyyət göstərdiyinə işarə edir.

Məlumata görə, hüquq-mühafizə orqanları Berlinə bitişik Brandenburq torpağında usta şəkildə gizlədilmiş anbar barədə məlumatlar toplayıblar. Həmin anbarın xüsusi olaraq maskalanması işin arxasında əməliyyat təcrübəsinə malik peşəkarların dayandığını göstərir.

Aşkar edilən odlu silahlara əl qoyulub və həmin gizli saxlanc yeri 24 saatlıq nəzarətə götürülüb. Qeyd edilir ki, böyük ehtimalla şəbəkə üzvləri yerin deşifrə olunduğunu anlayaraq anbarla təması kəsiblər. Bu fakt cinayətkarların əks-kəşfiyyat sahəsində nə qədər hazırlıqlı və məlumatlı olduqlarını sübut edir.

Hazırda Almaniyanın kəşfiyyat qurumları inanırlar ki, bu tapançalar ölkə daxilində Moskvanın göstərişi ilə "kinetik əməliyyatlar" (təxribatlar və qətlləri özündə cəmləşdirən termin) icra edəcək agentlər üçün hazırlanıb.

BfV-nin direktoru Sinan Selen artıq bir neçə aydır ki, Rusiya tərəfindən fərdi şəxslərə qarşı ehtimal olunan hücumlarla bağlı həyəcan təbili çalırdı. Mümkün hədəflər siyahısına müxalif düşüncəli mühacirlər, Ukraynanı dəstəkləyən şəxslər və silah istehsalı sənayesinin təmsilçiləri daxil edilib.

Mənbə: oxu.az