"Yol dağılıb, birgünlük ərzaq var" - Azərbaycan vətəndaşı Kamçatkada vulkanda çarəsiz vəziyyətdə qaldı - FOTO

"Yol dağılıb, birgünlük ərzaq var" - Azərbaycan vətəndaşı Kamçatkada vulkanda çarəsiz vəziyyətdə qaldı - FOTO

Avqustun 22-də turistlər Rusiyanın şərqində, Kamçatkanın Ploski Tolbaçik vulkanında avtomobillərində çarəsiz qalıblar.

Bu barədə "Kamçatka-İnform" agentliyi məlumat verir.

Məlumata görə, turistlərin bir neçə saat ərzində vulkana doğru getdikləri yol güclü yağış nəticəsində tamamilə yuyulub.

Yol dağılıb, birgünlük ərzaq var - Azərbaycan vətəndaşı Kamçatkada vulkanda çarəsiz vəziyyətdə qaldı - FOTO

Azərbaycan vətəndaşı, aparıcı və animator Tatyana Dolivets də çarəsiz qalan turistlər arasındadır. O, bu barədə öz "Instagram" səhifəsində paylaşım edib.

Tatyana Dolivetsin sözlərinə görə, 16 nəfərlik qrup Tolbaçik vulkanının ərazisində, "Kleşnya" turist dayanacağının yaxınlığındadır. O iddia edir ki, yolun təxminən 30 kilometri yuyulub və hazırda geri qayıtmaq imkanı yoxdur.

"Turist qrupu ilə birlikdə Kamçatkada, Tolbaçikdə ilişib qalmışıq. "Kleşnya" dayanacağındayıq. Yol yuyulub. 30 km-dir. Geri dönüş yolu yuyulub, çay öz məcrasından çıxıb və geri qayıtmaq mümkün deyil. Biz "Ural" maşınındayıq. Bizdən əlavə, burada böyük torpaqdan təcrid olunmuş təxminən 100 nəfər var. Ərzaqlar yalnız bir günlük qalıb", - deyə o bildirib.

Dolivetsin sözlərinə görə, turistlər arasında Çin, Belarus, İsrail və Rusiya vətəndaşları da var.

Mobil internetin olmaması səbəbindən turist qadın əlaqə yarada biləcəyi və paylaşım edəcəyi yerə çıxıb. O, Rusiyanın fövqəladə xidmətlərinin və Azərbaycandakı müvafiq dövlət strukturlarının məsələyə cəlb edilməsi üçün kömək istəyib.

Xatırladaq ki, Kamçatkada son günlər nəqliyyatla bağlı problemlər yaşanır.

Mənbə: oxu.az