Bir güllə, bir ölüm, bir şübhəli - Ermənistan ordusunda nə baş verib?

Bir güllə, bir ölüm, bir şübhəli - Ermənistan ordusunda nə baş verib?

Ermənistan ordusunda 22 yaşlı hərbçinin odlu silah yarası ilə ölümü qətl işi ilə nəticələnib. Hadisədən sonra bir nəfər saxlanılıb, erməni mediası isə hərbçinin xidmət yoldaşının açdığı atəş nəticəsində öldüyünü yazır.

Ermənistan Müdafiə Nazirliyinin avqustun 23-də yaydığı rəsmi məlumata əsasən, N saylı hərbi hissənin hərbi qulluqçusu Edqar Gevorqi Gevorkyanın meyiti odlu silah yarası ilə aşkar edilib. Nazirlik hadisənin bütün hallarının müəyyənləşdirilməsi üçün araşdırma aparıldığını bildirib.

Erməni mediasının əldə etdiyi məlumata görə, ölən hərbçinin 22 yaşı olub, İrəvandan idi və Vaykdakı hərbi hissələrdən birində xidmət edirdi.

İlkin məlumatlarda ölümün detalları açıqlanmasa da, daha sonra hadisənin daha ciddi xarakter daşıdığı məlum olub. Ermənistan İstintaq Komitəsi hərbçinin ölümü ilə bağlı Cinayət Məcəlləsinin 155-ci maddəsinin 1-ci hissəsi – qətl üzrə cinayət işi başlandığını açıqlayıb.

Komitənin məlumatına görə, qətli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Hazırda onun kimliyi və hadisənin motivi rəsmi şəkildə açıqlanmır.

Ermənistan mediasında yayılan ilkin məlumatlarda isə Gevorkyanın xidmət yoldaşının açdığı atəş nəticəsində öldüyü bildirilir. Məlumata görə, atəş hərbçilərdən birinə təhkim edilmiş silahdan açılıb. Lakin hadisənin hansı şəraitdə baş verdiyi və atəşin hansı səbəbdən açıldığı barədə istintaq hələ ətraflı rəsmi məlumat verməyib.

Hadisə Ermənistan ordusunda qeyri-döyüş şəraitində baş verən ölümlərlə bağlı müzakirələri də yenidən gündəmə gətirib. Erməni hüquq müdafiəçisi Zara Hovhannisyanın açıqladığı hesablamaya görə, 2026-cı ilin ilk səkkiz ayında Ermənistan ordusunda qeyri-döyüş şəraitində ölənlərin sayı 33-ə çatıb. Onun sözlərinə görə, bu ölümlərdən üçü yalnız son 10 gündə qeydə alınıb.

Mənbə: musavat.com