Oman sahilləri yaxınlığında həyata keçirilən hücum nəticəsində neft tankeri zədələnərək hərəkət qabiliyyətini itirib.
Bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları üzrə Koordinasiya Mərkəzinin (UKMTO) yaydığı məlumatda qeyd olunub.
"UKMTO-ya Omanın Əş-Şişəh bölgəsindən 9 dəniz mili şimal-şərqdə baş verən insident barədə məlumat daxil olub. Neft tankerinin kapitanı gəminin naməlum mərmi ilə vurulduğunu, nəticədə mühərrik bölməsinin zədələndiyini və gəminin hərəkətsiz vəziyyətə düşdüyünü bildirib", - deyə koordinasiya mərkəzindən bildirilib.
UKMTO-nun məlumatına əsasən, gəmi heyəti təhlükəsiz yerdədir, hər hansı ekoloji fəsad barədə məlumat qeydə alınmayıb.
Gəminin adı və qeydiyyat limanı da daxil olmaqla, hadisə ilə bağlı digər detallar açıqlanmayıb.
Mənbə: oxu.az