Nepalda təbii fəlakətin vurduğu ziyanın həcmi açıqlandı

Nepalda təbii fəlakətin vurduğu ziyanın həcmi açıqlandı

Nepalda azı 1 400 nəfərin həyatına son qoyan dağıdıcı daşqınlardan sonra ölkənin bərpası üçün təqribən 4.74 milyard dollar tələb olunacaq.

Bu barədə "The Kathmandu Post" qəzeti hökumətin ziyanın miqyası ilə bağlı hesabatına istinadən məlumat yayıb.

Ehtimal edilən xərclərin ən böyük hissəsi, yəni 3.1 milyard dolları infrastrukturun payına düşür. Bura elektrik şəbəkələrinin və zərər görmüş 13 su elektrik stansiyasının bərpası üçün 2.56 milyard dollardan çox, həmçinin dağılmış körpülərin və yolların təmiri, eləcə də yenidən qurulması üçün 481 milyon dollardan artıq vəsait daxildir.

Məlumata görə, xərclərin hesablanması nazirliklər, dövlət qurumları və yerli özünüidarəetmə orqanları tərəfindən toplanmış məlumatlara əsaslanır.

Qeyd olunur ki, bu, ilkin qiymətləndirmədir. Bunun üçün daşqından əvvəlki və sonrakı məlumatların müqayisəsi tələb olunur. Mütəxəssislər sektorlar üzrə ziyanı dəyərləndirmək məqsədilə dronlardan da istifadə ediblər.

Xatırladaq ki, sözügedən təbii fəlakət avqustun 26-da səhər saatlarında Nepalın şimal bölgəsində qeydə alınıb. Daşqının yaranmasına qar uçqunu səbəb olub. Nəhəng qaya və palçıq kütləsi çay yatağı ilə yüksək sürətlə 70 kilometrdən artıq məsafəyə yayılaraq geniş əraziləri su altında qoyub. Son məlumatlara əsasən, 589 xarici vətəndaş da daxil olmaqla, 5 mindən çox insan itkin düşmüş hesab olunur.

Mənbə: oxu.az