Taylandda sentyabrın 16-dan bəri davam edən güclü yağışların səbəb olduğu daşqınlarda 23 nəfər həlak olub, 2,6 milyondan çox insan zərər çəkib. Paytaxt Banqkokun bütün 50 rayonu fəlakət zonası elan edilib.
Daşqınlar 42 əyalətə və Banqkoka təsir göstərib.
Hazırda daşqınların davam etdiyi 29 əyalətdə və paytaxtda təxminən 940 min ev təsərrüfatının zərər gördüyü bildirilir.
Güclü yağışlar və çaylarla kanalların daşması nəticəsində yaşayış məntəqələrini su basıb. Bir çox küçə göllərə çevrilib və daşqın suları ilə şəhər ərazilərinə gələn balıqlar küçələrdə üzməyə başlayıb.
Yayılan görüntülərdə çoxsaylı balıqların bulanıq daşqın sularında hərəkət etdiyi, bəzi ərazilərdə isə suyun nəqliyyatın hərəkətinə mane olacaq səviyyəyə çatdığı görünür.
Banqkokda bir neçə gün ərzində təxminən 300 millimetr yağış yağıb. Şəhərin Bueng Kum rayonunda bir sutkada 230,5 millimetr, ölkənin şərqindəki Çaçoenqsaoda isə 293,7 millimetr yağıntı qeydə alınıb.
Güclü yağışlar kanalların daşmasına, yolların, evlərin və müəssisələrin su altında qalmasına səbəb olub. Bir sıra avtomobillər su basmış yollarda qalıb, bəzi ərazilərdə insanlar qayıqlardan və digər üzmə vasitələrindən istifadə etməyə məcbur olublar.
Daşqınlara Cənubi Çin dənizindən hərəkət edən aşağı təzyiq sistemi ilə cənub-qərb mussonunun təsiri səbəb olub.
Mənbə: qafqazinfo.az