“Qiyamət radiosu” bir həftəlik sükutu pozdu - Efirdə Mussolininin titulu səsləndi

“Qiyamət radiosu” bir həftəlik sükutu pozdu -

Rusiyada “Qiyamət radiosu” kimi tanınan UVB-76 radiostansiyası bir həftəlik fasilədən sonra noyabr ayının ilk şifrəli mesajını yayımlayıb.

Bu barədə radiostansiyanın fəaliyyətini izləyən “UVB-76 loqları” "Telegram" kanalı məlumat yayıb.

Bildirilib ki, noyabrın 2-də Moskva vaxtı ilə saat 11:23-də efirə çıxan siqnal rəqəm və hərflərdən ibarət olub. Şifrəli mesajın ortasında isə “Duce” sözü yer alıb.

Qeyd olunur ki, mesajın dəqiq mənası məlum deyil. Lakin italyan dilindən tərcümədə “Duce” sözü “rəhbər”, “lider” mənasını verir. Bu titul 1925-ci ildən İtaliya hökumətinin başçısı və Milli Faşist Partiyasının lideri Benito Mussolininin adı ilə bağlı olub. Titul 1943-cü ildə kralın əmri ilə Mussolinidən alındıqdan sonra hüquqi qüvvəsini itirib.

Qeyd edək ki, “Qiyamət radiosu”ndan əvvəlki siqnallar oktyabrın 26-da qeydə alınıb. Həmin gün radiostansiya dörd mesaj yayımlayıb.

1970-ci illərdən fəaliyyət göstərən UVB-76 hərbi radiostansiyası əsasən qısa, fasiləsiz vızıltı səsi yayımladığı üçün xalq arasında “Vızıltı” adlandırılır. Eyni zamanda, “Qiyamət radiosu” kimi də tanınır. Bəzi məlumatlara görə, UVB-76 Soyuq müharibənin qızğın dövründə Sovet İttifaqında yaradılmış və Rusiyanın indiyədək istifadə etdiyi iddia olunan sistemin bir hissəsidir. Daha əvvəl isə Almaniyadakı hərbi bazalardan birində “Qiyamət radiosu”na bənzər stansiyanın ötürücüsü aşkarlanıb.

Müəllif: Adəm

Mənbə: publika.az