1938-ci ildə Fələstində qətlə yetirilən britaniyalı arxeoloq Ceyms Lesli Starkinin ölümünün arxasında torpaq davasının dayana biləcəyi məlum olub. Yeni araşdırmaya görə, onun öldürülməsi təsadüfi quldur hücumu deyil, arxeoloji qazıntılar zamanı yerli torpaq sahibləri ilə yaranan münaqişə ilə bağlı məqsədli sui-qəsd ola bilər.
Bu qənaətə Qüds İvrit Universitetinin professoru Yosef Qarfin kel və Van Lir İnstitutunun tarixçisi Roy Marom Britaniya arxivlərini, kəşfiyyat sənədlərini və Fələstinin keçmiş sakinlərinin nəsillərindən toplanmış şifahi şahidlikləri araşdırdıqdan sonra gəliblər.
Tədqiqatın nəticələri "Bulletin of the History of Archaeology" jurnalında dərc olunub.
Ceyms Lesli Starki 1932-ci ildən Fələstinin cənub-qərbində yerləşən qədim Laçiş şəhərində arxeoloji qazıntılara rəhbərlik edib. 1938-ci il yanvarın 10-da Qüdsdə, hazırda "Rokfeller Muzeyi" kimi tanınan Arxeologiya Muzeyinin açılışına getdiyi zaman onun avtomobili Xevron yaxınlığında silahlı şəxslər tərəfindən saxlanılıb. Hücum edənlər ekspedisiya rəhbərinin kimliyini dəqiqləşdirdikdən sonra sürücüyə uzaqlaşmağı əmr edib və Starkini güllələyiblər.
Həmin vaxt Britaniya hakimiyyəti hadisəni quldur basqını kimi qiymətləndirib və qonşu əl-Qubeyba kəndinin sakinlərinin məsuliyyət daşımadığını bəyan edib.
Lakin yeni araşdırma fərqli mənzərə ortaya qoyub. Məlum olub ki, arxeoloji ekspedisiya qazıntıların aparıldığı ərazidəki kənd təsərrüfatı torpaqlarına görə yerli mülkədarlarla münaqişə yaşayıb. Britaniya hakimiyyəti həmin torpaqları arxeoloji işlər üçün müsadirə edib, kompensasiyaların ödənilməsi isə illərlə yubadılıb. Araşdırmaya əsasən, ödənişlər yalnız 1943-cü ildə, yəni qətldən beş il sonra tam başa çatıb.
1937-ci ildə torpaq sahiblərindən biri Saleh əl-Hac Həməd Əbu Avad Britaniyanın Qədim Əşyalar Departamentinə müraciət edərək ekspedisiyanın istifadə etdiyi sahələrə görə kompensasiya almadıqlarını bildirib. O, ailəsinin dolanışığının tamamilə həmin torpaqlardan əldə edilən məhsuldan asılı olduğunu vurğulayıb.
Tədqiqatçılar kəndin keçmiş sakinlərinin və onların nəsillərinin danışdıqlarını da arxiv sənədləri ilə müqayisə ediblər. Şifahi xatirələrdə torpaqların itirilməsi, ağacların məhv edilməsi və kəndlilərin əkin sahələrinə girişinin məhdudlaşdırılması kimi məqamlar əksini tapıb.
Alimlər qətlin ehtimal olunan birbaşa icraçısı kimi fələstinli üsyançı komandir İssa əl-Bəttatın adını çəkiblər. Onların versiyasına görə, hücumun qazıntı ərazisindən uzaqda təşkil edilməsi kəndin Britaniya hakimiyyətinin mümkün repressiyalarına məruz qalmasının qarşısını almaq məqsədi daşıya bilərdi.
Bununla belə, tədqiqat müəllifləri əldə etdikləri nəticələrin tarixi rekonstruksiya olduğunu xüsusi vurğulayırlar. Qətlin birbaşa iştirakçısının etirafını və ya hadisənin bütün detallarını təsdiqləyən sübutu tapmaq mümkün olmayıb.
Araşdırmanın müəllifləri hesab edirlər ki, bu hadisə Britaniya müstəmləkə idarəçiliyi dövründə aparılan arxeoloji tədqiqatların yerli əhalinin maraqları ilə necə toqquşa bildiyini göstərən nümunədir.
Müəllif: Adəm Abbaslı

Mənbə: publika.az