Türkiyədə tədqiqatçılar Nuhun gəmisinin qalıqlarının olduğu ehtimal edilən ərazidə yeni tapıntılar aşkarlayıblar.
Türkiyə universitetlərinin dəstəyi ilə aparılan araşdırmalar zamanı Ağrı dağı yaxınlığındakı Durupınar ərazisində, 10 metr dərinlikdə yanmış ağac fraqmentləri tapılıb.
Bu tapıntı ərazinin Nuhun gəmisinin qalıqlarını gizlətdiyi ehtimalına yenidən diqqət çəkib. Alimlər georadar vasitəsilə ərazini skan edərək yeraltı dəhlizlər və ölçüləri Tövratda təsvir olunan gəminin xüsusiyyətlərinə uyğun gələn struktur aşkar ediblər. Durupınar ərazisi 1959-cu ildə kəşf edilib. Onun forması nəhəng gəminin gövdəsini xatırladır.
Lakin uzun illər ərzində aparıcı geoloqlar bu nəzəriyyəni qəbul etməyiblər. Elmi nəşrlərdə ərazidəki formalaşmanın qədim gəmi deyil, təbii geoloji proseslərin nəticəsi olduğu bildirilib. Buna baxmayaraq, yeni çöl tədqiqatları bu obyektə marağı yenidən artırıb.
Arxeologiya professoru Cengiz Atilla götürülən ağac fraqmentlərinin son dərəcə qədim dövrə aid olduğunu bildirib. Nümunələr dəqiq radiokarbon analizi və botaniki identifikasiya üçün müxtəlif ölkələrdə yerləşən dörd müstəqil laboratoriyaya göndərilib.
Alim yeraltı strukturun üçmərtəbəli quruluşu və ölçüləri də daxil olmaqla, Tövrat mətnlərindəki təsvirlərlə zahiri oxşarlığına diqqət çəkib.
Tədqiqat layihəsinin nümayəndəsi Loren Vitske isə tapıntını “dünyanı heyrətə gətirəcək” kəşf adlandırıb. O, araşdırmaların Türkiyə rəsmilərinin nəzarəti altında aparıldığını və ciddi yoxlama protokollarının tətbiq edildiyini vurğulayıb.
Hazırda mütəxəssislər torpaq və qazma nümunələrini təhlil edirlər. Araşdırmalar başa çatdıqdan sonra Şərqi Türkiyədəki müəmmalı tapıntının mənşəyini dəqiqləşdirmək üçün qazıntı sahəsinin genişləndirilməsi ilə bağlı müraciətlərin edilməsi planlaşdırılır.
Qeyd edək ki, Nuhun gəmisinin məhz bu ərazidə yerləşməsi elmi şəkildə təsdiqlənməyib. Tapıntı ilə bağlı araşdırmalar davam edir.
Mənbə: bizim.media