ADNA terrorunun şahidindən şok faktlar: “Düz alnından vurdu...” – Video

“Həmin tələbə yoldaşımız yerindəcə dünyasını dəyişdi”

“Bir də ki, onun etdiyini yalnız xüsusi hazırlıqlılar bacara bilərdi”

“Çünki tapançadan düzgün istifadə edirdi, sərrast atırdı”

“Dam da bağlı idi, terrorçu qaça bilmədiyi üçün özünü öldürdü. Mən onu bir az uzaqdan gördüm”

2009-cu il, Aprel ayının 30-da keçmiş Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terror hadisəsinin 12 ili tamam olacaq.

Həmin olayın şahidlərindən biri, ADNSU-nun ( ADNA- .red) 2010-cu il məzunu Elnur Eyvazov “Sherg.az”la həmsöhbət olub, məşum hadisənin təfərrüatlarından danışıb:

“Aprelin 30-u başqa günlərdən fərqlənmirdi, universitetə getdik, dərsə girdik. Birdən partlayış səsləri eşitdik. Gənc idik, hərbidə olmamışdıq deyə, əvvəlcə başa düşmədik. Müəllimimiz isə şübhələndi, dedi ki, atəş səsi gəlir.

İkinci dəfə bu sözü təkrarlayanda dəhlizə çıxdıq. Gördük ki, tələbə yoldaşımızın biri yerdə uzanıb, silahlı bir şəxs dəhliz boyu irəliləyir. Əvvəlcə onun psixi problemli tələbə olduğunu düşündük. Korridor dalana dirənir. Cinayətkar isə bunu bilmirdi.

 

 

 

Ona görə dəhlizin sonundan geri qayıtdı. Mən də tələbə yoldaşlarımla birgə ona baxırdım, anlamırdıq ki, bizə də atəş aça bilər. Sonra güllə atmağa başladı, biz də terrorçu olduğunu görüb, auditoriyaya girdik.

Dərhal müdafiə mexanizminə keçdik. Bir tələbə yoldaşımız qaçdı ki, qapını bağlasın. Bu zaman terrorçu onu boğazından vurdu. Xoşbəxtlikdən o, ölmədi, huşunu itirdi. Silahlı şəxs əlini qapıdan salıb, sinifə atəş açdı.

 

Güllələri fasiləli şəkildə atdığı üçün, biz özümüzü, tələbə yoldaşlarımızı qoruya bilirdik. İki yoldaşımız orda xəsarət aldı, biri yüngül, digəri ağır yaralanmışdı. Qeyd edim ki, o auditoriyalara girmirdi, aşağı mərtəbədən yuxarıya doğru qalxır, dəhlizdə kimi görsə, vururdu. Bizim sinif isə dekanın otağı ilə yanbayan idi və ora balkon vasitəsilə keçmək olurdu.

Planlaşdırdıq ki, bir qismimiz ağır yaralılarla qalaq, digərləri isə daha təhlükəsiz yerə gedək. Belə də etdik. Biz 3-4 nəfər vəziyyəti ağır olan yoldaşlarımızın yanında durduq. Elə orda öləcəyimizi düşünürdük. Sonra o birilər kömək üçün geri qayıtdılar və bizi də çıxartdılar.

Yenə də atəş səsləri gəlirdi. O an silahlı şəxs rus sektorunda oxuyan tələbələrə atəş açırmış. Hətta bir tələbə yoldaşımız elə bilib ki, o, zarafat edir. Əlini terrorçuya uzadıb ” neynirsən?” deyəndə, vurulub.Yaxın məsafədən güllə alnından dəyib, həmin dəqiqə dünyasını dəyişib”.

 

E.Eyvazov qatilin çox sərrast güllə atdığını da əlavə edib:

“Yanına kimsə yaxınlaşa bilmirdi. Onun üzərinə hücuma keçmək mümkün deyildi. Xüsusi xidmət orqanları da dərhal gəldilər. Onlar belə terrorçunu tezliklə zərərsizləşdirə bilmədilər.

Onu mərtəbə-mərtəbə izləyirdilər. F.Qədirov isə sonuncu mərtəbədə damdan çıxa biləcəyini fikirləşirdi. Dam da bağlı idi, qaça bilmədiyi üçün özünü öldürdü. Mən onu bir az uzaqdan gördüm.

Məsələn, arada sual verirlər ki, doğrudan da Fərda Qədirov idimi və neçə nəfər olublar? Bəli, təkcə o idi. Bir də ki, onun etdiyini yalnız xüsusi hazırlıqlılar bacara bilərdi.

 

Çünki tapançadan düzgün istifadə edirdi, sərrast atırdı. Biz də özümüzü və yoldaşlarımızı atəş altından çıxarmaq missiyasını müvəfəqiyyətlə yerinə yetirdik. Polislərlə geri qayıdıb, yaralıları təxliyyə edirdik.

Orda həlak olan, qatıq satan bir xala vardı, onun meyidini biz daşıdıq. Zənn etdim ki, xala yaşayır, demə ölübmüş. O zaman gənc tələbələrin çətin bir situasiyada operativ davrandıqlarını gördüm.

Biz yaralılarla məşğul olanda, digər dostlarımız qapıya partaları düzdü ki, terrorçu içəri girəndə ləngisin. Ona görə itkimiz də az oldu. Əliyalın şəkildə vəziyyətdən çıxa bildik. Müəyyən bir müddət psixoloji təsirləri qaldı. Pisxologiyamız tamam korlanmadı, sadəcə bir şok yaşadıq, sonra həyatımıza davam etdik”.

 

 

Sherg.az

ƏVVƏLKİ XƏBƏR

Jirinovski SSRİ-ni dağıdanların adlarını çəkdi, Qorbaçova isə haqq qazandırdı

SONRAKI XƏBƏR

Erməni siyasi xadim: "Hovhannisyan yalan hesabatları ilə aldadanda düşünürdüm ki, Qasparyan üsyan etməlidir"