Qubada əmisini öldürməyə cəhddə təqsirləndirilən Zilal Seyidməmmədovun kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
İş materiallarında yazılıb ki, N saylı hərbi hissədə bölük komandiri kimi xidmət edən 26 yaşlı Z.Seyidməmmədov məzuniyyətdə olduğu müddətdə cinayət törədib. Baş leytenant Qımıl-Qışlaq kəndindəki evlərində olduğu vaxt əmisi L.Seyidməmmədovla dəfələrlə mübahisə edib. Mübahisələrin səbəbi isə əmisinin hərəkətləri olub. İttihamda qeyd olunur ki, zərərçəkmiş şəxs tüfeyli həyat tərzi keçirib, evə sərxoş vəziyyətdə gələrək həyat yoldaşına və anasına qarşı kobud davranıb. Baş verənlərlə bağlı xəbərlər kənddə də yayıldığı üçün ailənin nüfuzuna xələl gətirib.
Onlar arasında sonuncu mübahisə də əmisi sərxoş vəziyyətdə olarkən baş verib. Həmin dava zamanı hisslərini cilovlaya bilməyən hərbçi əmisini öldürmək fikrini qətiləşdirərək onu bir neçə dəfə bıçaqlayıb. Ailə üzvlərinin müdaxiləsi nəticəsində daha ağır cinayətin qarşısı alınıb. L.Seyidməmmədov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb, onun həyatını xilas etmək mümkün olub.
Komandir məhkəmədə özünü təqsirli bilib. O, əmisinin əməllərindən bezdiyi üçün ondan soyuduğunu, ailəsinə qarşı kobud davranışı, spirtli içkiyə aludəçilik və başqa vərdişlərinə görə onu vurduğunu deyib. Zərərçəkmiş əmi isə onu öldürmək istəyən qardaşı oğlundan şikayətçi olmayıb. O, hazırda Z.Seyidməmmədovla barışdığını deyərək hakimdən həbs edilməməsini xahiş edib.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Z.Seyidməmmədov 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.
Mənbə: konkret.az