Bakı Dövlət Universitetinin (BDU) rektoru Məleykə Abbaszadə yeni vəzifəsində fəaliyyətinin ilk həftəsi ilə bağlı açıqlama yayıb.
Rektor universitetdə təhsilin keyfiyyətinin yüksəldilməsi, akademik dürüstlüyün təmin olunması, fakültələrin fəaliyyətinin qiymətləndirilməsi və tələbələrin problemlərinin həlli ilə bağlı qarşıya qoyduğu hədəflərdən danışıb.
Məleykə Abbaszadə bildirib ki, ilk iş həftəsində universitetin inzibati və akademik heyəti ilə tanış olub, prorektorlar və dekanlarla ümumi görüş keçirib.
“Əvvəlki nəsillərdən bizə miras qalan tarix və nüfuz BDU-nun böyük üstünlüyüdür. Bu irsi qorumaq və inkişaf etdirmək isə bizim məsuliyyətimizdir. Universitetin nüfuzunu hər gün təhsilin keyfiyyəti, elmi tədqiqatlarımızın nəticələri, akademik dürüstlük və məzunlarımızın sonrakı fəaliyyəti ilə təsdiqləməliyik”, – rektor qeyd edib.
Məleykə Abbaszadə dekanlardan gözləntilərini də açıqlayıb. O, hər bir dekanı öz fakültəsinin akademik lideri kimi gördüyünü vurğulayıb.
“Yaxın müddətdə hər bir fakültənin vəziyyəti, güclü tərəfləri, problemləri, kadr və elmi potensialı barədə obyektiv təsəvvür əldə etmək istəyirəm. Bunun üçün həmkarlarımdan dürüst, peşəkar təhlil gözləyirəm. Problemi vaxtında görmək, onun haqqında açıq danışmaq və həlli üçün təklif vermək rəhbərlik məsuliyyətinin göstəricisidir”.
Rektor tələbələrin universitet həyatında daha fəal iştirak etməsinin və qarşılaşdıqları problemləri açıq şəkildə rəhbərliyin diqqətinə çatdırmasının vacibliyini də vurğulayıb.
O, tələbələrin sosial şəbəkələrdə universitetin C bloku ilə bağlı müraciətinə reaksiya verdiyini və məsələni nəzarətə götürdüyünü bildirib.
Məleykə Abbaszadənin sözlərinə görə, bununla bağlı ayrılan işçi qrupu əraziyə baxış keçirəcək və nəticələrə uyğun olaraq müvafiq işlərə başlanılacaq.
Rektor problemi ictimailəşdirən tələbələrə təşəkkür edib.
Mənbə: www.bakupost.az