Firuzə Cəlilovadan AÇIQLAMA: Cinayətkar məsələsinə belə aydınlıq gətirdi VİDEO

Firuzə Cəlilovadan AÇIQLAMA: Cinayətkar məsələsinə belə aydınlıq gətirdi VİDEO

Xəbər verdiyimiz kimi, tanınmış aparıcı Firuzə Cəlilovanın bağ evinə basqın edilməsi ilə bağlı ilginc detallar və iddialar ortaya çıxıb.

Daxili İşlər Nazirliyinin (DİN) hadisə ilə bağlı yaydığı məlumata görə, Novxanı qəsəbəsində yerləşən bağ evlərindən birində axtarışda olan şəxsin yeri müəyyən edilib. Keçirilən əməliyyat tədbirləri nəticəsində istintaqdan yayınaraq gizlənən, əvvəllər dəfələrlə məhkum olunmuş Ə.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Saxlanılan Əlihüseyn Hüseynovun Firuzə Cəlilova ilə hər hansı qohumluq əlaqəsinin olmadığı da müəyyən edilib.

Beləliklə, aparıcının bağ evində çoxsaylı cinayətlərə görə axtarışda olan şəxsin gizləndiyi məlum olub.

Musavat.com bildirir ki, aparıcı Firuzə Cəlilova yayılan iddialara münasibət bildirib. Aparıcı qeyd edib ki, Daxili İşlər Nazirliyinin məlumatında bəhs olunan yarımtikili onun həyətində deyil, qonşusunun ərazisində yerləşir:

"Dünən bağ evimdə baş verən hadisə ilə bağlı kifayət qədər narahat və həyəcanlıyam.

Məsələ burasındadır ki, dünən baş verən hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin yaydığı məlumatda həyətyanı sahəmdəki yarımtikilidən cinayətkarın çıxarıldığı bildirilir. Məlumat üçün qeyd edim ki, mənim həyətyanı sahəmdə heç bir yarımtikili yoxdur. İstənilən şəxs gəlib həyətimə baxa bilər. Bəli, yarımtikili var, amma o, qonşunun həyətində, bizim hasara bitişik ərazidə yerləşir.

Cinayətkarın məhz oradan çıxarılıb-çıxarılmadığını isə təsdiqləyə bilmərəm. Çünki həyətyanı sahəmdəki müşahidə kameralarının aparatları və yaddaş kartları həyətə daxil olan, kimliklərini və gəliş məqsədlərini açıqlamayan şəxslər tərəfindən götürülüb. Ehtimal edə bilərəm ki, həmin şəxslər qonşunun həyətindəki yarımtikiliyə keçmək üçün bizim həyətimizdən keçid kimi istifadə ediblər. Lakin bununla bağlı dəqiq məlumatım yoxdur. Çünki əlimdə yalnız küçədə, ağaca bərkidilmiş kameranın görüntüləri qalıb. Görünür, həmin kamera onların diqqətindən yayınıb. Əks halda, onun yaddaş kartını da götürərdilər.

Həmin şəxslər evə daxil olmamışdan əvvəl həyətə giriblər. Anam həyətdə yad adamların olduğunu gördükdən sonra evin işıqlarını yandırıb. Bundan sonra onlar məcbur qalaraq evə daxil olublar. Çünki anam mobil telefonunu götürərək çəkiliş etməyə başlayıb və həmin şəxslərdən kim olduqlarını, həyətə hansı məqsədlə daxil olduqlarını soruşub. Bundan sonra anamın iki mobil telefonu, övladımın isə bir mobil telefonu əlindən alınıb.

Hətta azyaşlı övladımdan da həyətdə və evdə kameraların harada olduğu, görüntülərin necə əldə edilə biləcəyi barədə soruşublar. Anam həyətdə müşahidə kameralarının olduğunu bildirdiyinə görə, həmin şəxslər görüntüləri əldə etmək üçün kameraların yaddaş kartlarını götürüblər. Məhz buna görə də hazırda hadisənin bütün görüntülərini sizə təqdim edə bilmirəm.

Aparıcı məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə də müraciət etdiyini və ona araşdırmanın davam etdiyi, nəticəni gözləməli olduğu bildirildiyini qeyd edib.

Firuzə Cəlilova yayılan iddialara münasibət bildirərkən evində və həyətində heç bir cinayətkarın olmadığını, heç kimi gizlətmədiyini xüsusi vurğulayıb:

“Mənim həyətimdən, mənim evimdən cinayətkar çıxarılmayıb. Mənim evimdə, mənim həyətimdə cinayətkar olmayıb. Mən heç bir cinayətkarı heç bir yerdə gizlətməmişəm.

Təəssüf ki, bəzi media nümayəndələrinin yaydığı məlumatlar həqiqəti əks etdirmir. Ona görə də hörmətli həmkarlar, əgər həqiqi məlumatı ictimaiyyətə çatdırmaq istəyirsinizsə, mən sizə rəsmi açıqlamamı verirəm. Daxili İşlər Nazirliyinin yaydığı məlumatda da cinayətkarın həyətyanı sahədəki yarımtikilidən çıxarıldığı bildirilir. Halbuki həmin yarımtikili mənim həyətimdə deyil, qonşunun həyətində yerləşir".

Mənbə: musavat.com