Üç rayona rəhbərlik etdi, korrupsiya işində 12 il cəza aldı - bu gün azadlığa çıxan Vilyam Hacıyevin DOSYESİ

Üç rayona rəhbərlik etdi, korrupsiya işində 12 il cəza aldı - bu gün azadlığa çıxan Vilyam Hacıyevin DOSYESİ

İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev noyabrın 27-də vaxtından əvvəl azadlığa buraxılıb. Rüşvət alma və mənimsəmə daxil olmaqla bir neçə maddə üzrə təqsirli bilinən keçmiş icra başçısı 2020-ci ilin mayından həbsdə idi.

Musavat.com APA-ya istinadən xəbər verir ki, qərarı Xəzər Rayon Məhkəməsi qəbul edib. Hacıyev cəzasının çəkilməmiş hissəsindən şərti olaraq azad edilib. Yayılan məlumata görə, məhkəmə onun səhhətini, cəzaçəkmə müəssisəsinin müsbət rəyini və cəza müddətinin bitməsinə bir ildən bir qədər çox vaxt qalmasını nəzərə alıb.

Aviasiyadan icra hakimiyyətinə

Vilyam Hacıyev 10 avqust 1957-ci ildə Xanlar şəhərində, indiki Göygöldə anadan olub. Buquruslan Mülki Aviasiya Məktəbini, Azərbaycan Texnologiya Universitetini və Mülki Aviasiya Akademiyasını bitirib. Əmək fəaliyyətinə mülki aviasiya sistemində başlayıb. Daha sonra Gəncənin Nizami Rayon İcra Hakimiyyətində şöbə müdiri və icra başçısının müavini vəzifələrində çalışıb.

Vilyam Hacıyevə 12 il həbs cəzası verilib

Hacıyev 2004–2006-cı illərdə Xanlar, 2006–2012-ci illərdə Samux, 2012–2020-ci illərdə isə İmişli rayonunun icra başçısı olub. Prezident İlham Əliyevin 14 aprel 2012-ci il sərəncamları ilə Samuxdakı vəzifəsindən azad edilərək İmişliyə təyin olunub. 6 may 2020-ci ildə, DTX əməliyyatının ertəsi günü, İmişlinin icra başçısı vəzifəsindən azad edilib.

DTX-nin 5 may əməliyyatı

Dövlət Təhlükəsizliyi Xidməti 5 may 2020-ci ildə məhkəmə qərarı əsasında Hacıyevin iş və yaşayış ünvanlarında əməliyyat-istintaq tədbirləri keçirib. DTX-nin məlumatına görə, həmin ünvanlardan müxtəlif valyutalarda qablaşdırılmış nağd pul, alınan vəsaitlərə dair qeydlər və iş üzrə digər maddi sübutlar götürülüb. Hacıyev həmin gün saxlanılıb, daha sonra barəsində həbs qətimkan tədbiri seçilib.

Attachment

DTX-nin açıqladığı istintaq materiallarında bir neçə epizod yer alıb. Bunlar dövlət hesabına tikilmiş mənzillərin növbədə dayanan vətəndaşlara verilməsi əvəzinə rüşvət müqabilində başqalarına ayrılması, ictimai işlərə cəlb edilən aztəminatlı şəxslərin maaş kartlarına köçürülən pulların ələ keçirilməsi, tikinti və abadlığa ayrılan vəsaitlərin bir hissəsinin mənimsənilməsi ilə bağlı idi. İstintaq, həmçinin yerli vəzifəli şəxslərdən və sahibkarlardan müxtəlif adlarla pul tələb edilməsi barədə məlumatlar əldə etmişdi.

Hansı maddələrlə mühakimə olundu?

Cinayət Məcəlləsinin maddəsi İttiham

179.3.2 Külli miqdarda mənimsəmə və ya israf etmə
308.1 Vəzifə səlahiyyətlərindən sui-istifadə
311.3.3 Külli miqdarda rüşvət alma
313 Vəzifə saxtakarlığı
228.1 Qanunsuz odlu silah saxlama

Vilyam Hacıyevin xanımı və oğlu dövlətdən nə istəyir? (SİYAHI) |  Qaynarinfo.az

Beş maddə üzrə yekun ittiham məhkəmədə elan edilib. Hacıyev son sözündə ona qarşı ittihamların məhkəmə prosesində sübuta yetirilmədiyini bildirib. Dövlət ittihamçısı isə ona 13 il həbs cəzası verilməsini istəyib.

12 illik hökm, 5,3 milyon manatlıq müsadirə

25 iyul 2022-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsi Vilyam Hacıyevi 12 il müddətinə azadlıqdan məhrum edib. Hökmlə 5 milyon 344 min manatlıq əmlakın dövlət nəfinə müsadirəsinə də qərar verilib. Məhkəmə prosesində zərərçəkmiş qurumların irəli sürdüyü mülki tələblərin ümumi məbləği isə 7,5 milyon manata yaxın olub.

30 noyabr 2022-ci ildə Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. 24 may 2023-cü ildə Ali Məhkəmə ailə üzvlərinin əmlakın müsadirəsi ilə bağlı şikayətini təmin etməyib. Hacıyevin cəzası ilə bağlı kassasiya şikayətinə isə 14 iyun 2024-cü ildə baxılıb. Ali Məhkəmə həmin gün 12 illik həbs müddətini 8 il 6 aya endirib. 27 noyabr 2026-cı ildə Xəzər Rayon Məhkəməsinin qərarı ilə o, cəzasının qalan hissəsindən şərti olaraq azad edilib.

Mənbə: musavat.com