Fransada bibər qazı qalmaqalı - 47 hamilə qadından 15-i uşağını itirib

Fransada bibər qazı qalmaqalı -

Fransada payız aylarında keçirilən kütləvi etiraz aksiyaları zamanı polis tərəfindən intensiv istifadə olunan bibər qazının qadınların reproduktiv sağlamlığına ciddi zərər vurduğu iddia edilir. Araşdırmaya görə, qaza məruz qalan 9200-dən çox qadının 94 faizi ginekoloji problemlərlə üzləşib.

Bu barədə “The Guardian” məlumat yayıb.

Bildirilib ki, sentyabrın ortalarında başlayan və oktyabrın 17-də pik həddə çatan etirazlar zamanı Fransa polisi cəmi 10 saat ərzində təxminən 22 min bibər qazı kapsulundan istifadə edib. Bu, hər üç saniyədə iki kapsulun atılması deməkdir.

Bibər qazının reproduktiv sağlamlığa təsirlərini araşdıran feminist kollektiv “Lacrymos de Sang” qaza məruz qalan 9200-dən çox qadın və yeniyetmə qızın ifadələrini toplayıb. Onların 94 faizi müxtəlif ginekoloji simptomlar yaşadıqlarını bildirib.

Kollektivin məlumatına əsasən, bibər qazına məruz qaldıqlarını bildirən 47 hamilə qadından 15-i körpəsini itirib. Araşdırmada şiddətli uşaqlıq spazmları, həddindən artıq qanaxma və menstruasiya pozuntuları da qeydə alınıb. Araşdırmanın təhlilinə rəhbərlik edən neyroendokrinologiya üzrə tədqiqatçı Solene Rougeux xüsusilə 20 yaşdan aşağı qızlarda simptomların daha çox və daha sürətli meydana çıxdığını vurğulayıb.

Fransanın daxili işlər naziri Laurent Nunez noyabrın 2-də parlamentdə çıxışı zamanı hökumətin 2021 və 2022-ci illərdə bibər qazı ilə bağlı araşdırmalar apardığını və xüsusi sağlamlıq riski müəyyən etmədiyini bildirib. O, bu səbəbdən bibər qazından istifadənin dayandırılmayacağını açıqlayıb. Lakin araşdırmaların nəticələri ictimaiyyətə təqdim edilməyib.

ABŞ-da bibər qazı ilə menstrual pozuntular arasındakı əlaqəni araşdıran alim Aşa Hassan isə polis əməkdaşları üzərində aparılan tədqiqatların uşaqlar və yeniyetmələr üçün əsas götürülə bilməyəcəyini bildirib. “Bir maddənin uşaqlar üçün təhlükəsiz olduğunu sübut edə bilərlərmi? Hər hansı maddənin təhlükəsizliyini sübut etmək hökumətlərin məsuliyyətidir”, - deyə o vurğulayıb.

Müəllif: Roza

Mənbə: publika.az