Albaniyanın paytaxtı Tiranada keçirilən hökumət əleyhinə kütləvi aksiyalarda polis və etirazçılar arasında toqquşma baş verib.
“Qafqazinfo”nun xəbərinə görə, ölkənin müstəqilliyinin 114-cü ildönümünə təsadüf edən şənbə günü ölkənin müxtəlif bölgələrindən gələn minlərlə insan Skanderbeq meydanına toplaşaraq Baş nazir Edi Ramanın istefasını tələb edib.
Aksiya iştirakçıları daş və çubuqlarla hökumət binalarının pəncərələrini və müşahidə kameralarını sındırıblar. Polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib, əsas yollarda avtomobillərin yoxlanılması üçün əlavə qüvvələr yerləşdirilib.
Səhiyyə Nazirliyinin məlumatına görə, qarşıdurmalar zamanı biri polis, ikisi jurnalist olmaqla 8 nəfər xəsarət alıb.
“Flaminqo Hərəkatı” adlanan etiraz dalğası mayın sonlarında ölkənin cənub sahillərində icrası planlaşdırılan iri lüks turizm layihəsinə etiraz olaraq başlayıb. Həmin layihə ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin təsis etdiyi investisiya şirkəti ilə əlaqələndirilir. Sentyabr ayından aksiyalara tələbələr də qoşulub.
Aksiyada iştirak etmək üçün Böyük Britaniyadan gələn 33 yaşlı Arian Lleşi sistemin dəyişməli olduğunu bildirib: “Avropaya və dünyaya səpələnmişik. Biz, demək olar ki, dövləti olmayan vətəndaşlar kimiyik”.
Ayda cəmi 120 avro təqaüdlə dolandığını deyən Suzana Gyeta isə gənclərə dəstək vermək və korrupsiyanın bitməsi üçün meydanda olduğunu vurğulayıb. Etirazçılar həmçinin təhsil və yaşayış şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.
Mənbə: qafqazinfo.az