Bu həftə Rusiya Ukraynaya 1960-dan çox hücum dronu, 1600-dən artıq idarə olunan aviabomba və 8 raket atıb. Rusiya ordusu yaxınlaşan soyuq hava şəraitindən istifadə edərək enerji və digər mühüm infrastruktura zərbələr endirməyə çalışır.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski həftənin yekunlarına dair açıqlamasında bildirib.
Dövlət başçısı deyib ki, hesabat dövründə Vinnitsa, Kirovoqrad, Rivne, Xarkov və Odessadakı yarımstansiyalar hədəfə alınıb: “Təəssüf ki, bir çox zərbələr yaşayış binalarına da dəyib. Dünən gecə Rusiya dronunun Odessadakı çoxmərtəbəli binaya zərbə endirdiyi bildirilir. Nəticədə bir qadın həlak olub. Zaporojyedə isə gecə ərzində Rusiya idarə olunan aviabombasının yaşayış binaları arasına düşdüyü ərazidə axtarış-xilasetmə əməliyyatları aparılıb. Yaxınlıqda heç bir hərbi obyekt olmayıb. Zərbə nəticəsində 14 yaşlı qız da daxil olmaqla beş nəfər yaralanıb. Dövlət Fövqəladə Hallar Xidməti yeniyetməni dağıntılar altından xilas edə bilib. Lakin təəssüf ki, bu hücumda onun anası həyatını itirib”.
Mənbə: publika.az