Fransada qalmaqal: Şəhər meri ölən atası ilə danışmaq üçün dövlət vəsaitini falçı qadına xərcləyib

Fransada qalmaqal: Şəhər meri ölən atası ilə danışmaq üçün dövlət vəsaitini falçı qadına xərcləyib

Fransanın cənubunda, Aralıq dənizi sahilində yerləşən Aqd şəhərində qeyri-adi və maraqlı qalmaqal ortaya çıxıb.

Yerli falçı qadın Sofiya Martinez və şəhərin meri, keçmiş məxfi xidmət zabiti və polis əməkdaşı Jile Deettore ilə bağlı hadisə şəhər sakinlərini şoka salıb.

Hazırda onların hər ikisi məhkəmə istintaqı bitənə qədər həbsdədir. Falçı qadın merin pullarını mənimsəməkdə, merin özü isə korrupsiyada və falçıya vergi ödəyicilərinin külli miqdarda pullarını xərcləməkdə ittiham olunurlar.

Jile Deettore ölülərlə danışan insan kimi tanınan Sofiya Martinezdən xahiş edib ki, onu mərhum atası ilə əlaqələndirsin, qadın da bunu edib. Seanslar zamanı Martinezin səsi qəfil dəyişərək merin atasının səs tonunu alıb.

İddia edilir ki, son dörd il ərzində qadın "bacarıqlarından" istifadə edərək meri şəxsən və telefon vasitəsilə manipulyasiya edib. Mer ölülərin, o cümlədən mələklərin "səslərindən" minlərlə müəmmalı zənglər alıb, həmçinin bu səslərdən bəziləri bələdiyyə sədrini falçıya kömək etməyə çağırıb.

İddialara görə, Jile Deettore Martinez və ailəsinin istirahəti, o cümlədən Polineziya və Tailandda dəbdəbəli tətilləri üçün dövlət vəsaitləri hesabına pul ödəyib. Həmçinin "səslər" onu razı salıb ki, falçının ailəsinin bir neçə üzvünü şəhər şurasında işə götürsün, eləcə də onun evini təmir etdirsin. Bələdiyyə başçısı ilə əlaqəsi olan yerli müəssisələr gələcək müqavilələrini itirmək qorxusundan bu işləri pulsuz yerinə yetiriblər.

"Bu, çılğın bir hekayədir. İnanılmazdır. Çünki siyasətdə bir insan var, bələdiyyə sədri və keçmiş parlament üzvüdür, çox ağıllıdır. Və aydın olur ki, belə bir kişi bir qadın tərəfindən manipulyasiya edilə bilər. Qadın onun zəif nöqtəsini tapıb və bundan öz məqsədləri üçün istifadə edib. O, aldadıldığını etiraf edənə qədər isə çox vaxt keçdi", - deyə merin vəkili Jan Mark Darriqeyd bildirib.

Lakin Sofiya Martinezin vəkili Lyuk Abratkeviç fərqli fikirdədir.

"O, merin etibarına xəyanət etdiyini etiraf edib, lakin bu, manipulyasiya deyil. Çünki digər müştərilər, o cümlədən həkimlər və memarlar onun mistik gücə malik olduğunu deyirlər. Martinez onlara həyatlarının elə təfərrüatlarını açıqlayıb ki, bu barədə başqa heç kim bilmirmiş", - deyə vəkil qeyd edib.

Hüquqşünaslar inkar etsələr də, yerli sakinlər bu məsələnin şəxsi münasibətlərlə də bağlı olduğunu və merin qadına aşiq olduğunu bildiriblər.

Hazırda hakim bu işə potensial şahidlərin müdaxiləsinin qarşısını almaq üçün həm meri, həm də falçını həbsdə saxlayır. Martinez onu cadugərlikdə ittiham edən məhbus yoldaşları tərəfindən hücuma məruz qaldıqdan sonra təkadamlıq kameraya köçürülüb.

Mənbə: musavat.com