İranın girov diplomatiyasının daha bir "uğur"u

İranın girov diplomatiyasının daha bir "uğur"u

İranda növbədənkənar prezident seçkisinin təbliğat kampaniyasına start verildikdən cəmi bir neçə gün sonra beynəlxalq aləmdə, xüsusən hüquq müdafiə təşkilatları arasında geniş əks-səda doğuran bir hadisə baş verdi: iyunun 15-də İsveçdə ömürlük həbs cəzasına məhkum olunmuş İran vətəndaşı Həmid Nuri azad edilərək ölkəsinə qaytarıldı. 1988-ci ildə İranda siyasi məhbusların kütləvi surətdə edam edilməsinin fəal iştirakçılarından biri olan və o zamanlar Həmid Abbasi adı ilə tanınan bu şəxs 2019-cu ilin noyabrında Stokholm hava limanında İsveç polisi tərəfindən saxlanmışdı. Ona qarşı məhbuslara işgəncə verilməsi və onlarla qeyri-insani rəftar, 100-dən çox insanın qətlə yetirilməsində bilavasitə iştirak ittihamları irəli sürülmüşdü.

Bu barədə "Azad İran" "YouTube" kanalında yayımlanan videosüjetdə bəhs edilir.

Həmid Nurinin 9 ay davam edən məhkəmə prosesində 34 şikayətçi və 26 şahidin dindirilməsi ilə 92 iclas keçirilmiş, son olaraq, 2022-ci ilin iyul ayında onun barəsində ömürlük həbs hökmü çıxarılmışdı. Ötən ilin dekabrında İsveç Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlamışdı.

Bu baxımdan onun İsveç hökuməti tərəfindən azad edilərək İrana verilməsi çoxları üçün gözlənilməz olub, bir çox beynəlxalq qurumların, xaricdəki İran siyasi təşkilatlarının, eləcə də repressiya qurbanlarının ailə üzvləri və yaxınlarının etirazları ilə qarşılanıb. Bu azmış kimi, Tehranda təmtəraqla və gül-çiçəklə qarşılanan Həmid Nurinin kameralar qarşısında ədalət məhkəməsinə meydan oxuyan açıqlaması əsəbləri tarıma çəkib. Tezliklə aydın olub ki, Həmid Nurinin azad edilməsi İranın girov diplomatiyasının daha bir dırnaqarası "uğur"undan başqa bir şey deyil. Çünki bunun müqabilində İranda qondarma ittihamlarla həbsdə saxlanan Avropa İttifaqının İsveçdən olan diplomatı Yohan Floderus və İsveç-İran vətəndaşı Səid Əzizi azad olunaraq vətənlərinə qayıdıblar. O da məlum olub ki, bu proses Omanın vasitəçiliyi ilə aparılan danışıqlar nəticəsində baş tutub.

Ətraflı süjetdə:

Mənbə: oxu.az