Avtomobil dələduzluğu ilə bağlı məhkəmə başlayır - Vətəndaşlar necə aldadılıb?

Avtomobil dələduzluğu ilə bağlı məhkəmə başlayır -

Avtomobil dələduzluğunda təqsirləndirilən Nihat Teyyubov və Etibar Aslanovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

İş baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib və hakim Günel Səmədovanın icraatına verilib.

İttihama əsasən, Nihat Teyyubov və Etibar Aslanov hərraclardan maşın almaq adı ilə müxtəlif vətəndaşlara qarşı dələduzluq əməli törədib.

İş üzrə 10 nəfər zərərçəkmiş qismində tanınıb.

Zərərçəkənlərdən Bəhruz Şahbazovun medaiya verdiyi açıqlamaya görə, təqsiləndirilən şəxslər özlərini bank əməkdaşları kimi təqdim edib.

"Mən və digər zərərçəkmiş 3 nəfər - İlkin Əsgərov, Fikrət Məhərrəmov və Pənah Hüseynov başımıza gələnlərlə bağlı polisə şikayət etdik. Bildirdik ki, Nihat Nüsrət oğlu Teyyubov və Etibar Məmmədəli oğlu Aslanov aldatma, etibardan sui-istifadə etməklə özgə əmlakının ələ keçirilməsi niyyəti ilə qabaqcadan əlbir olublar. Nihat Teyyubov bank əməkdaşlarının köməyindən də istifadə etməklə məni aldadaraq bank tərəfindən hərraca çıxarılmış 10-PL-455 nömrə nişanlı "Hyundai Sonata” və 10-PT-092 nömrə nişanlı "Hyundai Accent” markalı nəqliyyat vasitələrinin alınması ilə bağlı ümumilikdə 32 300 manat məbləğində pulumu ələ keçirib. Pulu aldıqdan sonra "Hyundai Sonata” markalı nəqliyyat vasitəsini öz adına rəsmiləşdirib. Daha sonra isə mənim adıma sənədləşdirilməsi üçün 700 manat, sığorta və nömrə üçün 232 manat aldı. Bundan sonra isə ustalara da müəyyən xərc çəkildikdən sonra 10 dekabr 2023-cü il tarixdə etibarnaməni ləğv etdirərək nəqliyyat vasitəsini apardı”, deyə o bildirib.

Dələduzluq əməlinin qurbanı olan şəxslərin polisə şikayətindən sonra Səbail Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Seyid

Mənbə: qaynarinfo.az