Bakının Suraxanı rayonunda atasını bıçaqlamaqda ittiham olunan oğulun barəsində məcburi müalicə təyin olunub.
Bu barədə qərarı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahirə Kərimovanın sədrlik etdiyi hakimlər kollegiyası qəbul edib.
İttihama görə, hadisə 3 sentyabr 2024-cü ildə Suraxanı rayonunun Zığ qəsəbəsində baş verib.
1986-cı il təvəllüdlü Elvin həmin gün saat 18 radələrində yaşadığı evin qonaq otağında atası Ariflə mübahisə edib. Mübahisəyə səbəb Elvinin bədəninə tatu vurdurub sonra sildirdiyinə görə yaralar əmələ gəlməsi ilə bağlı atanın irad bildirməsi olub.
Arif deyib ki, bu hərəkətlərinə son qoymasa, onu psixiatrik xəstəxanaya yerləşdirəcək. Bundan əsəbiləşən oğul mətbəxdən götürdüyü bıçaqla atasına xəsarət yetirib.
İstintaq orqanı tərəfindən Elvinin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Elvin bildirib ki, 2020-ci ildə işdən azad olduğu gündən depressiyaya düşüb və əsəb xəstəsi olub: “İki dəfə stasionarda, bir dəfə də Maştağada yerləşən xəstəxanada yatmışam. Mən boşanandan sonra aliment müəyyən olundu. Mən də işləyə bilmədim”.
“Əsəblərim sakitləşdi, yerə yıxıldım”
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü evə gələndə əsəbi olub: “Əsəbi olanda başım gedib-gəlir, özümü saxlaya bilmirəm. Atam birdən mənə xəstəxanaya göndərəcəyini dedi. Bu sözü eşidəndə məndə baş getməsi başladı. Atam əl çəkmirdi, ip gətirməyə getdi və məni döydü. Dedim, məndən əl çək, heç nə etməyəcəyim, xəstəxanaya da getmək istəmirəm. Evdə müalicə ala bilərəm, xəstəxanalıq adam deyiləm.
Hər ehtimala bıçağı götürərək cibimə qoydum. Atam 1-2 dəfə üstümə yeridi. Bədənimə istilik gəldi, özümü saxlaya bilmədim. Bıçağı çıxardaraq zala keçəndə atam məni qucaqladı və bağışlamağımı istədi. Bu sözlərdən sonra əsəblərim sakitləşdi, yerə yıxıldım və bıçaq yerə düşdü.
Hadisədən sonra anam gəldi, üzümə su tökdü və məni şillələdi. Daha sonrakı hadisələr yadında deyil”.
Təqsirləndirilən şəxs suallara cavab olaraq bildirib ki, əsəb xəstəliyinə işdən azad olunandan sonra, 2020-ci ildə tutulub: “Atamı bıçaqlamağımdan peşmanam. Ailəmin yanında olmaq istəyirəm. Hadisəni törədən vaxt özümdə olmamışam. Bu vaxta qədər heç bir cinayət əməli törətməmişəm və narkotik vasitədən istifadə etməmişəm. Hazırda depressiyadayam, xəstəliyim də bu vəziyyətimə təsir edir. Barəmdə ambulator qaydada müalicə təyin edilməsini xahiş edirəm”.
“Ailəmdən boşanmışam”
Məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi açıqlanıb. O, ifadəsində göstərib ki, Suraxanı rayonu Zığ qəsəbəsində fərdi evdə atası Arif, anası Nəcibə ilə birlikdə yaşayır: “Əvvəllər ailəli olmaqla bir azyaşlı övladım var. Oğlum İlkin 2017-ci il təvəllüdlüdür. Ali təhsilliyəm, əvvəllər ATEF şirkətində fəhləlikdən başlayaraq sex rəisinə qədər yüksəlmişəm. Hazırda ailəmdən boşanmışam”.
Elvinin ifadəsinə görə, 2020-ci ildən başlayaraq onda psixoloji gərginlik yaranıb: “Bnunla bağlı bir neçə dəfə müxtəlif psixi xəstəxanalarda müalicə olunmuşam. Hazırda heç bir işlə məşğul deyiləm. Atam məni psixi xəstəxanaya yatızdırmaq istəyir. Bununla bağlı aramızda dəfələrlə mübahisələr olub.
Sentyabrın 3-də aliment ödənilməsi ilə bağlı məhkəmə prosesi oldu. Məhkəmədə xeyrimə qərar qəbul edilməyəcəyini bildim. Ona görə məhkəməyə getmək istəmədim. Lakin anam məni məhkəməyə getməyə məcbur etdi. Anam, atam və mən birlikdə məhkəməyə getdik.
Məhkəmə aliment borcumu tam ödəməli olmağım barədə qərar verdi. Evə gəldikdən sonra qan-qaraçılıq yarandı. Atam Arif mətbəxdə idi, mən də ora keçdim. Heç bir səbəb olmadan atam məni mübahisəyə təhrik etməyə başladı. Lakin ona əhəmiyyət vermədim.
Mətbəxdən çıxdım, evin qapısından da çıxmaq istəyəndə atam arxa tərəfdən gələrək kürək və sinə nahiyəmdən zərbələr vurdu. Ona "məni vurma" dedim, amma vurmağa davam elədi”.
“Fikirləşdim ki, atam məndən əl çəkməyəcək”
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra həyətə çıxıb: “Atam da arxamca gəldi, maşınından ip götürərək evə qayıtdı. İpi niyə götürdüyünü soruşdum. Bildirdi ki, əl-ayağımı bağlayaraq məni xəstəxanaya yerləşdirəcək. Başa düşdüm ki, əl-qolumu bağlayıb məni psixiatrik xəstəxanaya yerləşdirəcəklər.
Atamla tutaşdım, onu vurdum. Dedim ki, məndən əl çək, otağa keçib uzanacam. Atam bildirdi ki, bax belə ağıllı ol, keç otağa.
Mən öz otağıma keçdim. Atamla anam da evə girdi. Fikirləşdim ki, atam məndən əl çəkməyəcək, məni xəstəxanaya yerləşdirəcək. Ona görə mətbəxə keçib, bıçağı götürərək cibimə qoydum ki, məni bağlamağa cəhd eləsələr, özümü müdafiə edim.
Otağa keçəndə atam mənə əlini silkələdi, dedi, bax ağıllı ol. Lakin ona əhəmiyyət vermədim”.
“İçdiyim suyun haram olmağını dedi”
Təqsirləndirilən şəxs bildirib ki, təkrar mətbəxə keçib və soyuq su içib: “Atam dalımca gəldi, içdiyim suyun haramı olmağını dedi. Mən qonaq otağına qayıldıb oturdum. Atamın etdiklərindən əsəbiləşdiyimə görə onu cəzalandırmaq məqsədilə bıçaqla vurmaq istədim. Cibimdən bıçağı götürdüm və mətbəxdən çıxdım. Qonaq otağına keçəndə atam ayağa qalxdı.
Atam üstümə cumanda döş qəfəsindən ona bir zərbə vurdum. Atam məni qucaqlayaraq bağrına basdı, "eləmə" dedi. Bu sözlərdən hirsim soyudu və bıçağı onun bədənindən çıxardım. Anam da o biri otaqdan yanımıza gəldi. Anam zəng edərək təcili yardım çağırdı. Təcili yardım atamı xəstəxanaya apardı. Məni də polis əməkdaşları polis bölməsinə gətirdi”.
"Oğlumun xəstəliyni qəbul edə bilmirdim”
İş üzrə zərərçəkmiş qismində ifadə verən Arifin sözlərinə görə, hadisə günü oğlunun bədənində olan döyməyə görə mübahisələri yaranıb: “Oğlumu hirsləndirdim. Ata kimi oğlumun xəstəliyini qəbul edə bilmirdim.
Elvin dəfələrlə 2 saylı şəhər xəstəxanasında, Maştağa qəsəbəsində yerləşən Respublika Psixiatriya xəstəxanasında müalicə alıb. Həmin günü oğlumla ayağına vurdurduğu döyməyə görə mübahisə etdim. Elvini itələdim və sonuncu qışqırmağa başladı. Əl-ayağını bağlayacağımı və yenidən psixiatriya xəstəxanasına yerləşdirəcəyimi bildirdim.
Otaqda uzanmışdım. Elvinin digər otaqdan çıxanda əlində nəsə tutduğunu gördüm, nə olduğunu soruşdum. Heç nə demədi, anidən üstümə gəldi və məni bıçaqla vurdu. Xəstəxanaya müraciət etdim, yarama sarğı qoydular”.
Məhkəmənin hökmü ilə Elvin Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan əməli anlaqsız vəziyyətdə törətdiyindən həmin məcəllənin 21.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad edilib.
Cinayət Məcəlləsinin 21.2 və 95.0.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin barəsində ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir təyin edilib.
Mənbə: publika.az