Abşeron rayonunda sərt karantin rejimini pozan 5 nəfərə 15 sutkalıq inzibati həbs cəzası verilib

Abşeron rayonunda sərt karantin rejimini pozan 5 nəfərə 15 sutkalıq inzibati həbs cəzası verilib

Xırdalan, 7 iyun, Ətrabə Rzayeva, AZƏRTAC

Ölkə ərazisində vətəndaşların küçəyə çıxması ilə bağlı tətbiq edilən sərtləşmiş məhdudiyyət Abşeron rayonunu da əhatə edir. İyunun 6-da saat 00:00-dan ayın 8-i saat 06:00-dək davam edəcək sərt karantin rejimi ilə bağlı Abşeron rayonun polis əməkdaşları gücləndirilmiş iş rejimində çalışır.

Abşeron Rayon Polis İdarəsinin rəis müavini Elçin Rəcəbov AZƏRTAC–a bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı əsasında tətbiq edilən məhdudiyyətlərlə bağlı rayonun şəhər, qəsəbə və kəndlərində müvafiq postlar qurulub. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbçiləri polis əməkdaşları ilə birgə rayonun küçə və prospektlərində xidmət aparırlar. Bununla yanaşı, polis əməkdaşları xidməti avtomobillər vasitəsilə elan verərək vətəndaşları karantin rejimi çərçivəsində tətbiq edilən qaydalara əməl etməyə çağırır.

E.Rəcəbovun verdiyi məlumata görə, iyunun 6-da xüsusi icazəsi olmadan küçəyə çıxan, yada tibbi maskadan istifadə etməyən vətəndaşlar barəsində qanunamüvafiq olaraq 64 inzibatı protokol tərtib edilib. Onlardan 5 nəfərinə 15 sutkalıq inzibati həbs cəzası tətbiq olunub. Polis rayon üzrə nəzarəti davam etdirir və zəruri tədbirlər görülür.

Mənbə: azertag.az