Novruz bayramı münasibətilə Hərbi Prokurorluğun Mərkəzi Aparatının və ərazi hərbi prokurorluqlarının rəhbər vəzifəli şəxsləri Müdafiə Nazirliyinin yüksəkrütbəli zabitləri, hərbi hissələrin dislokasiya olunduğu müvafiq rayonların icra hakimiyyəti orqanlarının rəhbərləri ilə birgə Vətənin müxtəlif bölgələrində, o cümlədən işğaldan azad edilmiş tarixi torpaqlarımızda yerləşən hərbi hissə və bölmələrdə hərbi qulluqçularla görüşüblər.
“Qafqazinfo” xəbər verir ki, baş prokuror Kamran Əliyevin və hərbi prokuror Xanlar Vəliyevin təbrikləri, eləcə də tövsiyələri şəxsi heyətə çatdırılıb.
Ardınca Ulu Öndər Heydər Əliyevin müdrik siyasətini zamanın tələblərinə uyğun davam etdirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün istiqamətlər üzrə qazandığı uğurlardan, işğaldan azad olunmuş ərazilərimiz də daxil olmaqla regionlarımızın hərtərəfli inkişafından bəhs edilib.
Qazanılan uğurlara Birinci vitse-prezident Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətinin də mühüm töhfələr verdiyi qeyd edilib.
Ardınca “Konstitusiya və Suverenlik İli” çərçivəsində hüquqi maarifləndirici mövzularda çıxışlar edilib, hərbi qulluqçuların sualları cavablandırılıb, onların qayğı və problemləri ilə maraqlanılıb.








Mənbə: qafqazinfo.az