Elxan Səmədovun diqqətçəkən dosyesi - MCİPS-in peşəkar üzvü, “Əsrin müqaviləsi”, ölkə çempionu…

Elxan Səmədovun diqqətçəkən dosyesi - MCİPS-in peşəkar üzvü, “Əsrin müqaviləsi”, ölkə çempionu…

İyulun 24-də Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov PFL üzvlərinin, yəni peşəkar klubların yekdil qərarı ilə növbəti 4 il müddətinə bu vəzifəyə seçildi.

Bununla bağlı yayılan standart xəbərlərdən fərqli bir məqam oldu.

İlk dəfə Elxan Səmədovun dosyesi açıqlandı. Burada isə istər təhsil, istər iş, istərsə də idman sahəsi baxımından demək olar heç bir futbol adamında olmayan zənginlik diqqət çəkir. Bu səbəbdən dosyenin oxucuya maraqlı ola biləcəyini nəzərə alaraq bir daha təqdim etmək qərarına gəldik.

MCIPS-in MER (Management Entry Route) yolu ilə tam hüquqlu peşəkar üzvü. Aydın olması üçün qeyd edək ki, bu, satınalma, təchizat və logistika sahəsində dünyada ən yüksək dərəcədir.

Azərbaycan Dövlət Dillər Universitetini qırmızı diplomla bitirməsi, fəlsəfə doktoru olması, Vaşinqtonda “Corctaun Universitetində Beynəlxalq Hüquq” təhsili, Oksfordda baş icraçı rəhbərlər üçün liderlik proqramı, İsveçrədə psixologiya üzrə MBA təhsili…

Xarici dil biliyi onun Azərbaycan tarixinin ən önəmli hadisələrindən birinə – “Əsrin müqaviləsi”nə tərcüməçi kimi cəlb olunması ilə nəticələnib. Bu dönəmdə o həmçinin bir sıra nazirlik və dövlət qurumlarının mühüm tədbirlərində tərcüməçi kimi fəaliyyət göstərib.

Xüsusilə maraqlı tərəflərdən biri Elxan Səmədovun neft sektorunda fəaliyyətidir.

PFL prezidenti Azəri–Çıraq–Günəşli neft yatağının kəşfiyyatında, Neft Daşlarında qaz kompressor stansiyasının tikintisində və dənizaltı neft kəmərinin tikintisi layihəsində çalışıb.

Futbol sferasında da çalışma sahəsi genişdir. UEFA-nın A kateqoriyalı məşqçi lisenziyasının sahibidir. Futbol, futzal, mini futbol və çimərlik futbolu üzrə Azərbaycanda, beynəlxalq peşəkar və həvəskar yarışlarda iştirak edib, yarışmaların “Ən məhsuldar” və “Ən yaxşı” oyunçusu kimi seçilib. Məşqçi kimi Azərbaycan Futzal Kubokunun və I Liqasının qalibi olub.

2009-2010-cu illərdə AFFA-da Uşaq Futbolunun İnkişafı şöbəsinin direktoru işləyib. 2013-2015-ci illərdə Gənclər və İdman Nazirliyində, Bakı-2015 Avropa Oyunlarında Təchizat şöbəsinin rəhbəri kimi fəaliyyət göstərib. 2021-ci ildən 29 iyul 2022-ci ilədək AFFA-da VAR şöbəsinin rəhbəri vəzifəsində işləyib. 2022-ci ildə 4 il müddətinə Peşəkar Futbol Liqasının prezidenti seçilib.

Səmədov basketbol üzrə Azərbaycan çempionu olmağa da imkan tapıb. O NTD komandasının üzvü olub.

Mənbə: qafqazinfo.az