Azərbaycan güləşçisi dünya çempionatının finalına yüksəlib

Azərbaycan güləşçisi dünya çempionatının finalına yüksəlib

Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U20 dünya çempionatına start verilib.

Bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Bildirilib ki, ilk yarış günündə yunan-Roma güləşi üzrə 63, 77, 87 və 130 kq-da finalçılar müəyyənləşib.

Tural Əhmədov (63 kq) yunanıstanlı Marios Kapantaisu 6:1 hesablı qələbə ilə mübarizədən kənarlaşdırsa da, 1/4 finalda özbəkistanlı Kuvonçbek İsmayılova minimal fərqlə (2:3) məğlub olub. Rəqib finala yüksəldiyi üçün Tural sabah təsəlliverici görüşə çıxacaq.

Cavidan Nehmətov (77 kq) mundiala inamlı start verib. Həmyerlimiz yunanıstanlı Adamantios Papadatosla (8:0) qırğızıstanlı Elxan Çoenbekova (9:0) tam üstünlüklə qalib gələrək 1/4 finala yüksəldi. Qazaxıstanlı Yerkebulan Anapiyanı 7:5 hesabı ilə üstələyən Nehmətov adını yarımfinala yazdırıb. Cavidan yarımfinalda iranlı Amir Mehdi Navaya heç bir şans tanımayıb - 7:1. Millinin üzvü sabah finalda ermənistanlı Samvel Terteryanla güləşəcək.

Qeyd edək ki, Orxan Hacıyev (87 kq) təsnifat mərhələsində hindistanlı Axil Axilə "tuş"la, Mikayıl İsmayılov (130 kq) isə debütdə finlandiyalı Tomas Rusiyə ilk xal prinsipinə əsasən (1:1) uduzub.

Mənbə: oxu.az