Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb.
O, Konfrans Liqasının pley-off mərhələsində Polşanın “Rakuv” və Xorvatiyanın “Hayduk” komandaları arasında keçiriləcək cavab matçının baş hakimi olacaq.
Millimizin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Rakuv”un ev oyununda Əliyara yan xəttdə digər həmyerlilərimiz Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Avstriyalı Alan Kijas VAR, digər həmyerlimiz Nicat İsmayıllı AVAR kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, görüş avqustun 27-də Polşada keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Tərəflər arasında ilk matçda 2:2 hesablı bərabərlik qeydə alınıb. Millimizin hücumçusu Mahir Emreli də həmin oyunda fərqlənib.
Mənbə: publika.az