"İstəməzdim ki, oyun belə olsun" - Qurban Qurbanov

"İstəməzdim ki, oyun belə olsun" -

"İstəməzdim ki, oyun belə olsun".

Bunu UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Baş məşqçi məğlub olmaq istəmədiklərini bildirib:

"Çox həvəsli və istəkli idik. Əfsuslar olsun ki, belə oldu. Futbolda belə şeylər olur, səhvlərimiz də oldu. Çatışmazlıqlarımız var idi. Çox döyüşkən komandaya qarşı oynadıq. Konfrans Liqasının liqa mərhələsində oynamağı çox istəyərdik. Bundan sonra da işimizə məsuliyyətlə yanaşmalıyıq.

Azarkeşlərimizə yaratdıqları möhtəşəm atmosferə görə təşəkkür edirəm. Hücum xəttimizdə çatışmazlıqlar var idi. Belə komandaya qarşı oyunda hücumda daha sürətli olmalı idik. Rəqib topla çox yaxşı rəftar edən komanda idi.

Biz rəhbərliklə də heyəti yeniləməyə başlayanda geniş söhbətimiz olmuşdu. Heyətdə dəyişiklik lazım idi. Düşünürdük ki, bizə üç ay, hətta dekabra qədər vaxt lazımdır. Bunu nəzərə alsaq, bəlkə də avrokuboklarda olmamaq faydalı ola bilər. Amma Avropa təcrübəsi də pis olmazdı. Bu futbolçular üçün əlavə məsuliyyət və təcrübə demək idi".

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən "Qarabağ" - "Tvente" matçı 1:4 hesabı ilə başa çatıb. İlk görüşdə Azərbaycan təmsilçisi 1:0 hesablı qələbə qazanmışdı.

Beləliklə, iki oyunun nəticəsinə əsasən 4:2 hesabı ilə qalib gələn "Tvente" UEFA Konfrans Liqasının liqa mərhələsinə vəsiqə qazanıb.

Mənbə: pravda.az