Vardinin “YouTube” kanalı bu çempionatın rəsmi yayımçısı oldu

Vardinin “YouTube” kanalı bu çempionatın rəsmi yayımçısı oldu

Məşhur ingilis hücumçu Ceymi Vardinin sahibi olduğu "Jamie Vardy’s Having a Party” adlı “YouTube” kanalı Almaniya Bundesliqasının rəsmi yayımçısı olub.

Bu barədə Bundesliqanın mətbuat xidməti məlumat yayıb.

“YouTube” kanalı 2026/27 mövsümünün Böyük Britaniya və İrlandiyada yeddi cümə oyununu yayımlamaq hüququnu əldə edib. Bunlardan birincisi, 29 avqustda Bakı vaxtı ilə saat 22:30-da başlayacaq “Bayern” və “Ştutqart” arasında mövsümün açılış oyunudur.

Kanal təkcə oyunları yayımlamayacaq. Vardi həmçinin dəvət olunmuş qonaqlarla podkast aparacaq və Bundesliqa ilə bağlı fikirlərini bölüşəcək.

Hücumçu media sahəsindəki işini oyunçu karyerası ilə birləşdirəcək. 39 yaşlı ingilis İtaliyanın “Kremoneze” klubunda bir mövsüm keçirdikdən sonra azad agent statusu alıb. Daha əvvəl onun karyerasını “San-Paulu”da davam etdirə biləcəyi bildirilirdi.

Mənbə: publika.az